Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdi “Naxçıvan” Universitetində bir semestr müddətində pedaqoji fəaliyyətə başlayıb. Universitetin kitabxanasında bununla bağlı keçirilən tədbiri giriş sözü ilə ali təhsil ocağının prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, Türkiyənin İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasındakı mövcud əməkdaşlığa uyğun olaraq həmin ali təhsil ocağının professoru Haluk Tanrıverdi burada bir semestr müddətində pedaqoji fəaliyyətə başlayıb. O, turizm sahəsi üzrə bir neçə fənnin tədrisini həyata keçirəcək. Haluk Tanrıverdi həm özünün müəllifi olduğu, həm də digər yazarların qələmə aldığı turizm və iqtisadiyyat sahələrini əhatə edən 60-dan artıq kitabı universitetə hədiyyə edib.
Tədbirdə “Qafqaz Turizm” MMC-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov və dosent Əli Cabbarov çıxış edərək muxtar respublikamızın turizm potensialının tanıdılması istiqamətində görülən işlərdən söhbət açıb, bu sahədəki kadr hazırlığından və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar.
İstanbul Universitetinin professoru Haluk Tanrıverdi çıxışında “Naxçıvan” Universitetində turizm sahəsi üzrə kadr hazırlığının vəziyyətini yüksək qiymətləndirib, ali təhsil ocağında yaradılan əlverişli şərait nəticəsində bir semestrlik pedaqoji fəaliyyətin səmərə verəcəyinə əminliyini vurğulayıb.