“Naxçıvan” Universitetində “Pedaqoji” və “ xarici dillər” fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2018-2019-cu tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişidir ki, pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan prosesdir.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün hər cür şərait yaradılmışdır.
“Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 220-si ixtisas seçimi zamanı “Naxçıvan” Universitetini seçmişdir. Həmin 220 abituriyentdən 104-ü pedaqoji profilli ixtisaslarda təhsil alırlar. Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də ixtisaslı kadr potensialının formalaşması baxımından əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə “Naxçıvan” Universitetinin 8 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin bir məzunu ümumtəhsil məktəblərində psixoloq, bir məzunu isə tərbiyəçi vəzifəsinə təyin olunub. Diqqətə çatdırılıb ki, 18 fevral-6 aprel 2019-cu il tarixlərdə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 15 nömrəli və Babək rayon Kərimbəyli kənd tam orta məktəblərində 106 tələbə pedaqoji təcrübədə olacaqdır. Pedaqoji təcrübə tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələr təcrübə keçdikləri müddət ərzində pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə edirlər. Təhsil Nazirliyi tərəfindən onların yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq, təcrübə dövründə tələbələrin təcrübə keçdikləri orta məktəblərdə açıq dərsləri təşkil olunacaqdır. Nazir məktəblərdə dərslərin təşkili, təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı və təcrübənin təşkilinə dair məktəb direktorlarına tapşırıqlar, tələbələrə isə ümumtəhsil məktəblərində yaradılan şəraitdən yüksək səviyyədə yararlanmaları, dərslərə hazırlıqlı daxil olmaları, kütləvi tədbirlərdə iştirak etmələri, nizam-intizam qaydalarına riayət etmələri ilə bağlı tövsiyyələr verib.
Konfransda Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Pedaqoji ixtisaslar üzrə təcrübənin xüsusiyyətləri”, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin “Xarici dil ixtisası üzrə pedaqoji təcrübənin xüsusiyyətləri” və Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın “Təcrübə zamanı pedaqoji və psixoloji işləri” mövzusunda çıxışları dinlənilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək metodistlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında məlumat verib.
Sonra “Müəllimlik peşəsinin xüsusiyyətləri” mövzusunda slayd nümayiş olunub. Sonda “Naxçıvan” Unversitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.