“Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin bir qrup əməkdaşı və Azərbaycan dili və ədəbiyyat ixtisasının I kurs tələbələri Şahbuz rayonunun Nurs kəndində yerləşən Məmməd Arazın ev muzeyində olmuşlar. Muzeyin bələdçisi məlumat verərək bildirmişdir ki, Xalq şairi Məmməd Araz ədəbiyyatımızın təkzibedilməz, özünəməxsus şairidir. Onun yaradıcılığı vətəndaşlıq amalı ilə yoğrulmuşdur. Sözün əsl mənasında Allah vergisinə malik olduğu üçün o, yaradıcılığının bütün tellərilə xalqa bağlıdır. Vaxtilə çoxlarının dilə gətirə bilmədiklərini M. Araz bütün yaradıcılığı boyu müxtəlif ədəbi fəndlərlə xalqa deyib, xalqın ruhunu sarsılmağa qoymayıb. Məmməd Araz yaradıcılıq mövqeyi həyat tərzi ilə üst-üstə düşən insanlardandır. Görkəmli söz ustadı Məmməd Arazın sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bədii yaradıcılığın nüvəsində dayanır. Məmməd Araz şeirinin hər sətri, hər misrası, təqdim və təsvir olunan hər obrazı, detalı vətən qüdsiyyətini ifadə edir. Ədibin əsərlərinə gətirdiyi hər daş parçası, qaya, hər kol, ağac, dərə, dağ, quş, heyvan, ot - bir sözlə: hər xilqət vətən əzəməti, el sevgisi, yurd müqəddəsliyinə xidmət edir.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılmış,xatirə şəkli çekdirilmişdir.