“Naxçıvan” Universitetində 9 noyabr Bayraq Gününə həsr olunmuş tanınmış dekorativ sənət rəssamı Aygün Nağıyevanın “Qarabağ Azərbaycandır” adlı sərgisinin açılışı olub.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, bu gün cəbhədə tarix yazan Azərbaycan Ordusunun əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri böyük uğurlara hər bir Azərbaycan vətəndaşı sevinir, fəxarət hissi keçirir. Azərbaycan əsgəri bu gün bütün dünyaya Azərbaycan Ordusunun gücünü və əzmkarlığını göstərir. Rektor dekorativ sənət rəssamı Aygün Nağıyevanı təbrik edərək bildirib ki, bu gün açılışına yığışdığımız “Qarabağ Azərbaycandır!” adlı sərgi sarsılmaz birliyimizin, rəssamımızın Vətəninə olan sevgisinin bariz nümunəsidir.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Dekorativ sənət rəssamı sərginin təşkil olunmasında göstərilən diqqətə görə “Naxçıvan” Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sərgidə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları Hüseyn Bağırsoylu, Həbibə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, müəllimlər və tələbələr iştirak edib.
Qeyd edək ki, sərgidə dekorativ sənət rəssamının iyirmidən çox sənət əsəri nümayiş olunub. Sərgi zamanı müxtəlif qiymətli daşlardan hazırlanmış Ulu öndər Heydər Əliyevin, Milli Qəhrəmanımız Mübariz İbrahimovun, Türkiyə və Azərbaycan qardaşlığını özündə təcəssüm etdirən portretlər sərgi iştirakçılarının marağına səbəb olub.