Əvvəlcə Xocalıda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur erməni millətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin növbəti mərhələsi olmuşdur. Həmin gün amansız düşmən heç kəsə, hətta uşaqlara belə aman verməmişdir. Əfsuslar olsun ki, o dövrki rəhbərlik susaraq xalqımızın başına gətirilən bu bəlanın nə qarşısını aldılar, nə də ona lazımı qiymət verdilər.
Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-yə dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən Azərbaycan və bəşər tarixinin qanlı səhifələrindən biri olan bu hadisələr hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Konfransda universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Aysel Abbasovanın “XX əsrin sonlarında Azərbaycanda baş verən siyasi hadisələr və Xocalı faciəsinə gedən yol”, Gülçin Ağayevanın “Xocalı faciəsi xalqımıza qarşı törədilən növbəti soyqırım hadisəsidir”,Həbibə Əliyevanın “Xocalı faciəsinə verilən siyasi və hüquqi qiymət”,ali təhsil ocağının nəşriyyatının redaktoru Nuray Cəfərovanın “Xocalı faciəsi xarici mətbuata” mövzularında çıxışları dinlənilmişdir. Bildirilmişdir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısında çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqdır.
Sonda Xocalı hadisələrini əks etdirən slayd nümayiş etdirilmişdir.