"Naxçıvan" Universiteti İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən tələbələr üçün təşkil olunmuş “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlimdə iştirak ediblər.
21 may 2019-cu il tarixdə start götürən təlim Naxçıvan Dövlət Universitetinin və "Naxçıvan" Universitetinin tələbələrini əhatə edib. Təlim dörd gün, 12 tədris saatı müddətində keçirilib və müvafiq ixtisaslardan 18 tələbə cəlb edilib. Təlimin əsas məqsədi Milli Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, vergi uçotunun təşkili, maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotu işinin aparılması ilə əlaqədar hüquqi məsuliyyət, xəzinə əməliyyatlarının təşkili və uçotu işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, təkmilləşdirilməsi sahəsində tələbələrin praktiki biliklərinin artırılmasıdır. Təlimlər zamanı məsələ və testlərin həllinə yer ayrılıb, eyni zamanda iştirakçılara gündəlik işlərində faydalı ola biləcək seçilmiş normativ-hüquqi aktlar toplusu, sənəd formaları və misallar ilə tərtib edilmiş metodik materiallar təqdim olunub. Qeyd edək ki, təlimin yekununda qiymətləndirilmə mərhələsi keçirilib və yüksək nəticə göstərən tələbə-dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.