"Naxçıvan" Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə "Beynəlxalq Ana Dili Günü"nə həsr edilmiş elmi konfrans keçirilib.
Konfransı universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq Azərbaycan dilinin keçdiyi inkişaf yollarından, dilin xalq, millət üçün əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, "Beynəlxalq Ana Dili Günü"nün əsası UNESCO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında qoyulub və 2000-ci il fevral ayının 21-dən etibarən qeyd edilir.
Eyni zamanda Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə dilimizə göstərdiyi qayğı, Azərbaycan dilinin inkişafı üçün atdığı addımlar, keçirdiyi siyasət diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" sözlərini xatırladan rektor, SSRİ dövründə ana dilimizin öz qüdrətini qorumasında ulu öndərin müstəsna xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, ümummilli lider 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində ilk dəfə SSRİ miqyasında yüksəkvəzifəli şəxs kimi rus dilində deyil, öz ana dilində çıxış edib, həmçinin məhz onun iradəsi nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib. Rektor ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini, o cümlədən 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul olunduğunu diqqətə çatdırıb. Daha sonra Azərbaycan dilinin inkişaf dövrlərindən bəhs edən slayd nümayiş etdirilib.
Konfransda Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova "Çağdaş Azərbaycan dilinin aktual problemləri" mövzusunda, dosent Qənirə Əsgərova isə "Dilimizə dövlət qayğısı" mövzusunda çıxış ediblər.
Bildirilib ki, dil yarandığı, mövcud olduğu andan daimi inkişafdadır və inkişaf etməyə davam edir. Dilə xarici dillərdən yeni sözlərin gəlməsi, eyni zamanda dildən başqa dillərə sözlərin keçməsi onun inkişaf dinamikasına, geniş yayılmasına müsbət təsir göstərən amillərdir. Lakin alınma sözlərin ana dilindən öncə istifadə olunması, üstünlüyün ona verilməsi yolverilməz haldır. Ölkə başçısı 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam imzalayaraq klassik və müasir Azərbaycan və dünya ədəbiyyatı incilərinin latın qrafikası ilə yenidən nəşrinə başlanmasının əsasını qoydu. Bu, dilimizin inkişafında mühüm rol oynayan addımlardan sadəcə biridir. İlham Əliyev bir neçə il sonra, yəni 23 may 2012–ci ildə isə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında Sərəncam verərək Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış fikirlərə son qoyulmasına, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin inkişafı üçün istiqamətlərə şərait yaratmışdır.
Konfransın sonunda universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə üzərində "Naxçıvan" Universitetinin rəmzi olan hədiyyələr verilib.