Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 27 noyabr 2018-ci il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.
Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Fakültə dekanı adıçəkilən Sərəncamın muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin sektor müdiri İbrahim Vəliyevin və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin aparıcı məsləhətçisi Yaqub Məmmədovun “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda məruzələri dinlənilib.
Məruzələr zamanı yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat vermiş və auditor fəaliyyətinin əsas məqsədi olan təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunun müəyyən edilməsini tələbələrin diqqətinə çatdırmışdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.