Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 20 dekabr 2018-ci il tarixdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Dövlət idarəetmə orqanlarının saxlanılması xərclərinin maliyyələşdirilməsində spesifik qaydalar” mövzusunda görüşü keçirilib.
İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb.
Fakültə dekanı adıçəkilən Sərəncamın muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi” şöbəsinin baş məsləhətçiləri Xəlil Vəlizadə və Ələddin Məmmədovun “Dövlət idarəetmə orqanlarının saxlanılması xərclərinin maliyyələşdirilməsində spesifik qaydalar” mövzusunda məruzələri dinlənilib.
Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.