Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları tələbələrlə görüşüb

  “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib.

   Tədbirdə Universitetin prorektoru Hüseyn Bağırsoylu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirinin müavini Anar Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə haqqında məlumat verib. Vurğulayıb ki, keçirilən startap görüşlər və stimullaşdırıcı tədbirlər layihələrin həyata keçirilməsində və ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaradır.

  Nazirliyin investisiyaların təşviqi və ixraca dəstək şöbəsinin mütəxəssisi Rəmzi Əlizadə startap nədir, təqdim olunan layihələrin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi, startapın stimullaşdırılması, maliyyələşdirilməsi və beynəlxalq təcrübə mövzusunda çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb.