Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il aprel ayının 03-də imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 25 noyabr 2020-ci il tarixdə "Naxçıvan" Universitetinin "Maliyyə" və "Mühasibat uçotu və audit" ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə sözügedən Sərəncamın əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin əməkdaşı Qənbər Xudiyev "İqtisadi sahələrin maliyyələşdirilməsinin spesifik xüsusiyyətləri" mövzusunda geniş məruzə edib. Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.