Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində “Naxçıvan” Universitetində olub.
Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva qonağı salamlayıb. Universitetin yaranması, fəaliyyəti və mütəxəssis hazırlığı barədə məlumat verib.
Bildirib ki, "Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor “Naxçıvan” Universitetinin indi dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib.
Rektor onu da bildirib ki, “Naxçıvan” Universitetində tələbələrin yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kompyuter mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksək sürətli simsiz internet, asudə vaxtlarını səmərəli keçirmək üçün özfəaliyyət qrupları, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib. Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi Macarıstan universitetləri ilə “Naxçıvan” Universiteti arasında təhsil sahəsindəki əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
Sonra qonaqlar universitet şəhərciyi ilə tanış olublar. Sonda xatirə fotosu çəkilib.