"Naxçıvan" Universitetinin Kimya və biologiya müəllimliyi ixtisasında təhsil alan bir qrup tələbəsi müvafiq tədris planına uyğun olaraq "Naxçıvan Sement Zavodu" MMC ilə tanış olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun rəhbərliyi ilə zavodun istehsal prosesi və laboratoriyası ilə tanış olan tələbələrə zavodun əməkdaşı Şakir Zəfərov tərəfindən geniş məlumat verilib.
Bildirilib ki, 2012-ci ildə istifadəyə verilən bu zavod muxtar respublikanın ən iri sənaye müəssisələrindən biridir. Zavodun gündəlik istehsal gücü 1200 tondur. Bu müəssisə istifadəyə verildikdən sonra muxtar respublikamızda sementə olan tələbat yerli istehsal hesabına ödənilir.
Muxtar respublikamızın yerli xammalı olan əhəng daşı və mergel ilkin mərhələdə burada qırılır, üyüdülür və sonrakı istehsal proseslərinə ötürülür. İstehsalın son mərhələsi olan paketləmə sexinə baxan tələbələrə bildirilib ki, 40-50 kiloqramlıq kisələrdə istehsal olunan hazır məhsul buradan sifarişçi təşkilatlara və müxtəlif ticarət şəbəkələrinə göndərilir. Sonda tələbələrin sualları cavablandırıb.