Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq fevralın 20-də “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə universitetin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov açaraq bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları Mehbarə Məmmədovanın “Gənclərin sahibkarlıq fəaliyyətinə başlaması və müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsi” və Səhhət Abbasovun “Muxtar Respublikada sənaye sahələrinin inkişafı və bu sahədə görülən işlər” mövzusunda çıxışları dinlənilib.
Sonda fəal iştirak edən tələbələrə nazirlik əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.