1. Ümumi müddəalar

1.1 Ali təhsil müəssisəsində kredit sisteminin tətbiqi onun Elmi Şurasının qərarı əsasında həyata keçirilir.

1.2 Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:

- hər bir tələbənin fərdi tədris planının olması və onların bu planının tərtibində iştirakı;

- tələbənin fənn və müəllim seçimində müstəqilliyi;

- təhsil prosesinə tədris məsləhətçilərin (tyutor) cəlb olunması və onların bu prosesdə hər tələbəyə köməkliyi;

- tədris prosesinin lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;

- tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

1.3 Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməlidir.

2. Təhsil prosesinin tədris-metodiki təminatı

2.1 İstiqamətlər (ixtisaslar) üzrə tələbələrin təhsili Dövlət Təhsil Standartlarına müvafiq kredit sisteminə uyğunlaşdırılmış tədris plan və fənn proqramları əsasında həyata keçirilir. Ayrı-ayrı istiqamətlərin (ixtisasların) təhsil müddəti Dövlət təhsil standartları ilə müəyyənləşdirilir. Hər bir tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.

2.2 Kredit sistemində 4 formada tədris planlarından istifadə olunur:

- İstiqamətin (ixtisasın) tədris planı

- istiqamətin (ixtisasın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış illik işçi tədris planları;

- istiqamətin (ixtisasın) tədris planı əsasında hazırlanmış tələbənin fərdi tədris planı;

- müəllimlərin tədris yükünü müəyyən edən müəllimlərin işçi tədris planları;

2.3 Kredit sistemində semestrlər üzrə auditoriya dərsləri 15 həftə müəyyən olunur. Tələbənin həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saatı aşmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 15 auditoriya və ya 22,5 ümumi (15 saat auditoriya+7,5 saat tələbənin sərbəst işi) saata bərabərdir. Tələbəyə mühazirə, seminar, laboratoriya və s. dərslərin hər bir növünün 1 (bir) saatına 0,5 saat auditoriyadan kənar sərbəst iş müəyyən olunur.

2.4 Buraxılış işlərinin hazırlanmasına və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə iki kreditə bərabərdir.

2.5 Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə tələbəyə hər semestrdə (birinci tədris ili istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir.

Tələbələrə yuxarıdan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan (kəsiri qalan tələbələr üçün) fənlər seçmək hüququ verilir.

Əlavə (yuxarıdan) fənlər almaq hüququna yalnız əvvəlki ildə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdirlər.

2.6 Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

a) məcburi və ardıcıl öyrənilən fənlər qrupu;

b) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrupu;

c) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər qrupu;

2.6.1 Bu qruplara baza təhsil proqramlarına daxil olan bütün fənn bölümlərindəki fənlər daxil edilə bilər.

2.6.2 «a», «b» və «c» fənn qrupları arasında dərs yükünün mütənasibliyi hər bir istiqamət (ixtisas) üzrə Dövlət Təhsil Standartlarının tələbləri gözlənilməklə ali məktəbin Elmi Şurası tərəfindən müəyyən olunur.

2.6.3 «a» qrupunun fənləri tələbənin kursunun, tədris birləşmə və qruplarının müəyyənləşdirilməsində əsas rol oynayır.

2.7 Kredit sistemi tətbiq olunan yaxın istiqamətlər (ixtisas) üzrə tədris planları hazırlanarkən onların maksimum şəkildə unifikasiyasına nail olunmalıdır.

2.8 Hər tədris ili üçün tələbələrin fərdi tədris planları hazırlanır. Tələbələrin fərdi tədris planları müəyyən olunmuş forma üzrə onların özləri tərəfindən tərtib olunur. Bu zaman tədris məsləhətçisinin (tyutor) köməyindən də istifadə oluna bilər. Tələbələrin fərdi tədris planları tərtib edilərkən ali məktəb tələbələrə həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin seçilməsində öz təkliflərini verir (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərməklə). Həmin planlar təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunur, onların bir nüsxəsi tələbədə, bir nüsxəsi (və ya elektron versiyası) isə fakültədə saxlanılır. Tələbələrin fərdi planları tərtib olunarkən nəzərə alınmalıdır ki, kreditlərin sayı semestr ərzində 38-i aşmamalıdır. Müəllimlərin illik dərs yükünün hesablanması üçün tutulan işçi tədris planı istiqamətlər (ixtisaslar) üzrə illik işçi tədris planlarının və tələbələrin fərdi planlarının təhlili əsasında hazırlanır.

2.9 Ali təhsil müəssisəsi bütün tədris prosesinin metodiki təminatına məsuliyyət daşıyır. Hər istiqamət (ixtisas) üzrə ali məktəb aşağıdakı sənədləri hazırlamalıdır:

- bütün fənlər üzrə proqramlar;

- hər bir fənn üzrə tələbələrə mühazirə mətnləri, seminar məşğələlərin planları, dərslərin icmalları və s.;

- tələbənin biliyinə nəzarət üçün materiallar (yazılı yoxlama işləri, testlər və onların elektron versiyaları, hər bir fənn üzrə imtahan biletləri);

- təcrübə işləri üçün materiallar (təcrübənin aparılması üçün plan və proqramlar, hesabatların hazırlanma forması).

3. Tələbələrin fərdi tədris planlarının tərtibi qaydası

3.1 Ali təhsil müəssisəsi tədris prosesini elə təşkil etməlidir ki, tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait yaradılsın.

3.2 Birinci kursa qəbul olunan tələbələr üçün fakültə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-na qədər həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində tələbələr istiqamətin (ixtisasın) tədris planı əsasında öz fərdi tədris planını hazırlayır, lazımi hallarda tədris məsləhətçisi ilə bu barədə məsləhətləşmələr aparır, onu imzalayır, tarix qoyur və 25 iyun -10 iyul tarixə qədər fakültəyə təqdim edir. Bu tədris planlarına tələbə növbəti tədris ilinin sentyabrın 10-na qədər öz düzəlişlərini edə bilər.

3.3 Sonradan fərdi tədris planında dəyişiklik aparılmasına icazə verilmir. Yalnız payız semestrində akademik borcu qalanlar qış tətilinin ilk həftəsində fərdi tədris planlarında müvafiq düzəlişlər edə bilərlər.

3.4 Fənnin tədrisi bütün növlər üzrə (mühazirə, məşğələ, seminar, laboratoriya dərsləri və s.) bir qayda olaraq eyni bir müəllim tərəfindən aparılır. Dil dərslərinin tədrisi, qrafik işlərlə bağlı məşğələlər və laboratoriya dərslərində qruplarda tələbələrin sayı mövcud normativlərə uyğun müəyyənləşdirilir və bu işə müstəsna hallarda assistent müəllimlər də cəlb oluna bilərlər.

3.5 Ali təhsil müəssisəsi öz iqtisadi və təşkilati imkanlarını nəzərə alaraq hər bir fənnin tədrisinə başlanması üçün mövcud normalar gözlənilməklə tələbələrin minimal sayını və hər bir müəllim üçün tədris qrupunda olan tələbələrin maksimal sayını müəyyənləşdirir. Əgər hər hansı bir fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmayıbsa həmin fənn işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi planlarında müvafiq dəyişikliklər aparır və bu haqda dekanlığa məlumat verir.

3.6 Bir müəllimi seçənlərin sayı müəyyən olunmuş maksimum həddən çox olarsa ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edilir. Tələbələr qruplar üzrə siyahının ardıcıllığına görə bölünürlər. Bu qruplar təşkil olunarkən tələbələrin fərdi tədris planlarına müvafiq olaraq müxtəlif kurslarda təhsil alan tələbələr daxil edilə bilər.

3.7 Növbəti tədris ilində tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etməyibsə, onun növbəti kursda təhsili ali məktəb üzrə həmin kurs üçün qəbul olunmuş işçi tədris planına uyğun müəyyən edilir.

3.8 Ali məktəb növbəti tədris ili üçün işçi tədris planlarını və dərs cədvəlini tələbələrin fərdi tədris planların təhlili nəticəsində tərtib edir.

4. Fənnin mənimsənilməsinin nəzarət sistemləri

4.1 Tələbələrin biliyinin attestasiyası Təhsil Nazirliyinin 15.05.2003-cü il tarixli 420 saylı əmri ilə təsdiq olunmuş «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun təşkil edilir.

4.2 Bütün hallarda tələbə hər bir fənn üzrə auditoriya dərslərinin 30%-dən çoxunda iştirak etmədiyi halda o, həmin fəndən imtahana buraxılmır.

4.3 Üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır.

4.4 Növbəti tədris ili üçün tələbənin fərdi tədris planları tərtib olunarkən buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilirlər.

4.5 Tələbə ali təhsil müəssisəsinin daxili intizam qaydalarını pozduğu halda ali məktəbdən xaric olunur.

4.6 «c» qrupuna daxil olan fənlərdən tələbə müəyyən olunmuş krediti yığa bilmədiyi halda növbəti tədris ilində o həmin fənni fərdi tədris planına daxil etməlidir. Əgər tədris qrupu yığılmazsa onda tələbə «c» qrupuna daxil olan digər fənni seçə bilər.

4.7 Akademik borcu qalan tələbələrə həmin fəndən krediti qazanmaq üçün yay semestri təşkil oluna bilər. Yay semestri və imtahanlar növbəti tədris ilinin sentyabrın 10-a qədər başa çatdırılır.

4.8 Tələbə fənni ikinci dəfə götürdüyü zaman həmin fəndən dərslərdə iştirak etməlidir. Bu zaman əsasnamənin 4.2 bəndinin tələbləri gözlənilməlidir.

4.9 Tələbə ali məktəbi bitirmək üçün tələb olunan kreditləri 7 ilə toplaya bilmədiyi halda o, məzmununda ciddi dəyişikliklər olunan bəzi ümumpeşə və ixtisas fənlərindən əvvəllər qazandığı krediti itirir və həmin krediti bu əsasnamənin tələblərinə uyğun yenidən yığmalıdır. Bu fənlər ali məktəb tərəfindən müəyyənləşdirilir.

4.10 İstiqamətdən (ixtisasdan) asılı olaraq tələbələrə təhsil müddətində 200-250 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

4.11 Tələbə Dövlət Təhsil Standartları ilə müəyyən olunmuş müddətdə tələb olunan krediti yığa bilmədiyi halda o, tələbələr üçün müəyyənləşdirilmiş imtiyazları (həqiqi hərbi xidmətdən möhlət və dövlət hesabına təhsil almaq hüquqlarını) itirir. Lakin o, təhsilini ödənişli əsaslarla davam etdirə bilər.

5. Kredit sistemi ilə təhsil alan tələbələrin hüquq və vəzifələri

5.1 Tələbələr ali təhsil müəssisəsində kredit sisteminin tətbiqi ilə bağlı qaydalarla və tədris prosesinin təşkili barədə bu əsasnamə ilə tanış olmaq hüququna malikdirlər.

5.2 Tələbələr fərdi tədris planlarını müəyyənləşdirərək bu əsasnamənin qaydalarına riayət etməlidirlər.

5.3 Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə tədris olunan fənləri mənimsəməyə borcludur.

6. Tədris məsləhətçilər (tyutorlar) xidməti

6.1 Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.

6.2 Tyutor xidmətini fakültə dekanlıqlarının nəzdində yaradılması məqsədəmüvafiqdir. Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir (hər 100 tələbəyə 1 tyutor)

6.3 Bir tyutor öz işini bir qayda olaraq bir istiqamət (ixtisas) çərçivəsində həyata keçirir və tələbələrə birinci kursdan buraxılışadək xidmət göstərir.

6.4 Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir.

6.5 Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.

6.6 Tyutorların funksional vəzifələri:

6.6.1 Tyutorlar tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edirlər.

6.6.2 Tyutorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər.

6.6.3 Tələbələrin fərdi və işçi planlarının tərtibi üçün tyutorlar onlara qrup və fərdi məsləhətlər verirlər.

6.6.4 Tyutorlar il ərzində müntəzəm olaraq akademik məsləhətlər təşkil edirlər.

6.6.5 Tyutorlar müəyyən olunmuş müddətdə tələbələrin fərdi planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar) üzrə işçi planlarının tərtibində iştirak edirlər.

6.6.6 Tyutorlar tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.

6.6.7 Tyutorlar istiqamət (ixtisaslar) üzrə təhsil almaq üçün lazım olan bütün metodik materialların vaxtında hazırlanmasına və mövcudluğuna nəzarət etmək hüququna malikdirlər.

6.6.8 Tyutorlar tələbələrin fənlər üzrə attestasiyalarının keçirilməsinə nəzarət edir və ali məktəbin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edə bilərlər.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image