“Naxçıvan” Universitetinin Tarix kafedrasının təşkilatçılığı ilə “Sərhəd hərəkatı –tariximizin şanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı universitetin tədris və təbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açıb.
Sonra tarix kafedrasının müəllimləri Mehman Şabanovun, Elçin Zamanovun mövzu ilə bağlı çıxışları dinlənilmişdir. Bildirilmişdir ki, 1988-ci ildə Azərbaycan SSR-də xalq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası - Meydan hərəkatı (1988-ci il 17 noyabr - 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.
XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".
1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.