Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı müvafiq nazirliklərdə, komitələrdə və təşkilatlarda tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı çərçivəsində ali təhsil ocaqlarında, o cümlədən “Naxçıvan” Universitetində görüşlər keçirilir.
Bu çərçivədə aprelin 18-də “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Sahibkarlıq şöbəsinin müdiri Mircavid Tağızadə, “Elmi Tədqiqat və Tədris Mərkəzi”-nin elmi işçisi Mehparə Məmmədova "Naxçıvan" Universitetinin İqtisadiyyat fakültəsində təhsil alan tələbələrlə görüşüb.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb.
Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Sahibkarlıq şöbəsinin müdiri Mircavid Tağızadə “Naxçıvan Murtar Respublikasında sahibkarlıq mühitinin mövcud vəziyyəti, özəl sektorun Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında rolu” mövzusunda “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov “Cahan Holdinqin Şirkətlər İttifaqının fəaliyyət sahələri və biznesin təşkili” mövzusunda, “Elmi Tədqiqat və Tədris Mərkəzi”-nin elmi işçisi Mehparə Məmmədova “Start UP” layihələrinin təqdimatı ilə bağlı çıxışları dinlənilib.