“Naxçıvan” Universitetində təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.
İclası giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq dissertasiya mövzularına dair tədqiqatların aparılmasının və dünyanın nüfuzlu elmi bazaları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyindən danışıb.
Daha sonra universitetin doktorant və dissertantları 2019-cu il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onların fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfranslarda iştirak, çap işləri müzakirə edilib.
Sonda attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib. Mövcud tələbləri yerinə yetirən doktorant və dissertantlar növbəti təhsil ilinə buraxılıb.
Qeyd edək ki, “Naxçıvan” Universitetində 11 ixtisas üzrə 6 doktorant, 17 dissertant təhsil alır ki, bunlardan bir nəfər doktorant xarici ölkə vətəndaşıdır.