İlk öncə Novruz bayramının simvolu olan bayram tonqalı yandırılıb. Daha sonra tədbirin aparıcıları bildiriblər ki, Novruz bayramı insanlara birlik, mehribanlıq kimi ülvi hislər aşılayır. Elə bu səbəbdəndir ki, Sovet hakimiyyəti illərində həyata keçirilən siyasət Azərbaycan xalqının digər milli-mənəvi dəyərləri kimi, Novruzu da xalqın şüurundan silə bilmədi. Sovet ideologiyasının milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə özünü açıq şəkildə büruzə verirdi. Lakin bu məqsəd baş tutmadı. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin üzərlərinə mühüm vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Çünki məhz Ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə xalqımız öz milli dəyərlərinə daha çox sahib çıxıb, mənəvi irsin zənginliklərinə dərindən yiyələnib.
Ali təhsil ocağının tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən bu günə gəlib çatan milli dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır.
Bu bayram təbiətin oyanması, gecə ilə gündüzün bərabərləşməsi, həyatın təzələnməsi ilə əlamətdardır. Novruz həm də xeyir-bərəkət bayramıdır, yeni ildir, baharın ilk təqvim günüdür. Təbiətdəki bütün canlıların qışın qar və çovğunla müşayiət olunan soyuq, barsız-bəhrəsiz günlərindən sıyrılıb bolluq və firavanlıq mövsümünə qədəm qoyduğu bir dövrün başlanğıcıdır Novruz.
Tədbirin bədii hissəsində “Şən və hazırcavablar” klubunun üzvlərinin Novruzla bağlı hazırladıqları şeirlər, rəngarəng musiqi nömrələri, Kosa və Keçəlin çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Qeyd edək ki, tədbir universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilib.