“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib. Konfrans zalında davam edən tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirmişdir ki,görkəmli şairi Məmməd Arazın uşaqlıq və ilk gənclik illəri qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası,səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd Arazın ruhuna hopmuşdur. Prorektor onu da vurğulamışdır ki, öz millətini, vətənini sevmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, bəşəri dəyərlərə, dünya sivilizasiyasının qabaqcıl nailiyyətlərinə yiyələnmək kimi insanlıq dəyərlərini özündə birləşdirən Azərbaycançılıq ideologiyasının dünən də, bu gün də ən böyük təbliğatçısı ədəbiyyat, böyük mənada isə sənətdir. Bu baxımdan M.Araz yaradıcılığı misilsiz örnəkdir. Dahi şair ədəbiyyatımızın inkişafı yolunda əvəzsiz xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” və bir sıra fəxri adlara layiq görülüb. Eyni zamanda dövlətimizin ali mükafatı olan “İstiqlal” ordeni ilə də təltif olunub.
Sonra universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri dosent İman Cəfərovun “M.Araz yaradıcılığında yeni poetik duyum və deyim”,universitet kitabxanasının müdiri, dosent Aypara Beyhbudovanın “Məmməd Araz yaradıcılığında Azərbaycançılıq, dosent Arifə Zeynalovanın “M.Araz yaradıcılığında məcazların üslubi imkanları” və universitetin pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “M.Araz yaradılıcılığında məhəbbət lirikası” mövzularında çıxışları dinlənilib.
Sonda tələbələr görkəmli şairin şeirilərini səsləndirmiş,tədbir iştirakçıları M.Araza həsr olunmuş slayda baxmışlar.