“Naxçıvan” Universitetində 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Universitetin rektoru, professor İsmayıl Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ümumxalq bayramı kimi qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır.
Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi.Buna isə ümummilli liderimiz 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən nail olmuşdur. Məhz görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, həmin günün hər il bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri məsələlərini daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər etmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir.
Sonra tədbirin bədii hissəsi olmuşdur.
Tələbələrin ifasında səsələnən bir-birindən rəngarən musiqi nömrələri tədbir iştirakçılarına xoş ab-hava yaşatmışdır.
Səhnəyə Şaxta baba və Qar qızın gəlişi də alqışlarla qarşılanmışdır.