“Naxçıvan” Universitetində “Qlobal böhranın formaları və cəmiyyətə təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib

   “Naxçıvan” Universitetində “İdarəetmə” kafedrasının “Qlobal böhranın formaları və cəmiyyətə təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib.

   Tədbiri giriş sözü ilə universitetin prorektoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, indiki iqtisadi böhranların əvvəlkilərdən fərqləndirici cəhəti dünya iqtisadiyyatında sürətlənən qloballaşma prosesinin doğurduğu yeni tendensiyalarla sıx bağlı olmasıdır. Ölkəmizdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dəyərlərə əsaslanan dövlət quruculuğu, aparılan geniş miqyaslı islahatlar nəticəsində siyasi və iqtisadi sabitlik təmin edilmişdir. Möhkəm təməl üzərində qurulmuş iqtisadiyyat sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, şaxələndirilmiş və nəticədə ölkəmizi regionda lider dövlətə çevirmişdir. Yaradılan hüquqi baza, aparılan islahatlar, respublikanın hərtərəfli inkişafı üçün görülən tədbirlər iqtisadiyyatın inkişaf dinamikasının yüksələn xətt üzrə artmasına təkan vermişdir. Əgər belə olmasaydı, qlobal maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın maliyyə imkanlarının artması, iqtisadiyyatın inkişafı baş verməzdi.

Daha sonra “İdarəetmə” kafedrasının müdiri İradə Bağırovanın “İqtisadi böhran və onun yaranma səbəbləri” mövzusunda, həmin kafedranın müəllimi Mədinə Allahverdiyevanın “Psixoloji böhran və bu zəmində çıxış yolları” mövzusunda və İdarəetmə fakültəsinin “Maliyyə” ixtisası üzrə II kurs tələbəsi Coşqun Hüseynovun “Demoqrafik böhranın nəticələri” mövzusunda çıxışları dinlənilib.