“Müasir dövrdə tərbiyyə işinin problemləri və bu problemlərin həlli yolları” mövzusunda elmi konfrans keçirilib

  “Naxçıvan” Universitetində “Pedaqogika və psixologiya” kafedrasının təşkilatçılığı ilə “Müasir dövrdə tərbiyyə işinin problemləri və bu problemlərin həlli yolları” mövzusunda elmi konfrans keçirilib.

   Konfransı universitetin “Pedaqogika və psixologiya” kafedrasının müdiri Nəzakət Yusifova açaraq müasir dövrümüzdə tərbiyənin aktual problemləri sırasında müasir ailə tərbiyəsi və ictimai tərbiyəni ön plana çəkmiş, bu barədə ətraflı danışıb.

Daha sonra “Pedaqogika və psixologiya” kafedrasının müəllimləri Təranə Əliyevanın “Müasir dövrdə uşaqların tərbiyəsinə təsir edən sosial-psixoloji amillər” mövzusunda, Aytən Məmmədovanın“ Müasir məktəbin təlim-tərbiyə işində etnopedaqoji materiallardan istifadənin əhəmiyyəti” mövzusunda və Aygün Rüstəmovanın“ Şəxsiyyətin formalaşmasında valideyn faktorunun rolu” mövzusunda çıxışları dinlənilib.

   Bildirilib ki, tərbiyədə gözəl xassələrdən biri də insanın özünü görüb dərk etməsidir, dərk edib o biri səhvləri etməmək – bu, elə tərbiyənin gözəl vasitəsidir. Hamı öyrəndiyini tətbiq etmək istəsə də hamı öyrənmək marağında olmur. İnsan ömrünün axırına kimi öyrənməlidir, o kiməsə öyrətmək məsuliyyətini də daşıyır. Müəllim şagirdinə yanaşarkən, onunla münasibət qurarkən, əlbəttə ki, xarakterini, onun xasiyyət cizgilərini, özünəməxsus fərdi keyfiyyətlərini görməyə hazırlıqlı olmalıdır, ona yanaşmada, tərbiyə məsələlərini gerçəkləşdirərkən bu amilləri mütləq nəzərə almalıdır, bəzən hansısa söz, məsləhət, tövsiyə yerinə düşməsə, yaxud da ki, əks-əlaqə formasında nizamlanmasa, onda söz dəyərdən düşər, tərbiyə təsiredici imkanlarını itirər və müəllimin qarşısına qoyduğu bu böyük məqsədə doğru fəaliyyəti demək olar ki, təsirsiz ötüşər. Bu problemin həllinin bir əsas yolu odur ki, müəllim şagirdə imkan, ən əsası elə bir tərbiyə, yanaşma forması seçməlidir ki, uşaq yaşdan-yaşa özünü dərk edə bilsin, kimliyini, nəçiliyini, həyata, insanlara olan münasibətində bir insani hislərlə, vətəndaşlıq borcu, ləyaqəti ilə hesablaşa bilsin. Bunu formalaşdıra bilən müəllim ən xoşbəxt, cəmiyyətin ən dəyərli, ən gözəl bir insanıdır, vətəndaşıdır, sözün əsl mənasında ləyaqət sahibidir. Şagird şəxsiyyətini hərtərəfli inkişaf etdirmək, sinif kollektivini təşkil etmək üçün birinci növbədə onları hərtərəfli öyrənmək lazımdır. Müəllim mütləq tədqiqatçılıq qabiliyyətinə malik olmalıdır. Tədqiqatlar göstərir ki, müəllimlərin öz şagirdlərini öyrənməkdən ötrü tərtib etdiyi psixoloji-pedaqoji xarakteristika şəxsiyyətinin formalaşmasına lazımi imkanlar yaradır.