Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universitetində pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

  "Naxçıvan" Universitetində "Pedaqoji" və "Xarici dillər" fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2020-2021-ci tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirilib.

  Konfransı universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq pedaqoji təcrübənin ali və orta təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına müsbət təsirindən, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən danışıb. Rektor təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edərək bildirib ki, tələbələr və təcrübə rəhbərləri pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmalı və bu dövrü yüksək göstəricilərlə başa vurmağa çalışmalıdırlar.

  Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, "Naxçıvan" Universitetində yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 166-sı ixtisas seçimi zamanı "Naxçıvan" Universitetini seçmişdir. Həmin 166 abituriyentdən 83-ü pedaqoji profilli ixtisaslarda təhsil alırlar. 
  Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də ixtisaslı kadr potensialının formalaşması baxımından əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu günədək Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqələrdə "Naxçıvan" Universitetinin ümumilikdə 40 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin 8 məzunu ümumtəhsil məktəblərində müxtəlif vəzifələrə təyin olunub. 
  Təhsil naziri müasir tədris metodları üzərində qurulan STEAM təlim metodunun tətbiqindən danışaraq bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikada STEAM təlim metodunun tətbiqinə başlanılıb. Hazırda Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad rayon Nüsnüs kənd tam orta məktəblərində və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılmış, yaradılan kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur. Qeyd edilib ki, hazırda muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində, eləcə də "Naxçıvan" Universitetində də STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam edir. Bu da gələcəkdə ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarını bitirən müəllim kadrların STEAM təlim metodu üzrə biliklərinin formalaşmasına öz töhfəsini verəcəkdir.

  Diqqətə çatdırılıb ki, 16 fevral - 5 aprel 2021-ci il tarixlərdə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 12 və 15 nömrəli tam orta məktəblərdə 182 tələbə pedaqoji təcrübədə olacaqdır. Pedaqoji təcrübə tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələr təcrübə keçdikləri müddət ərzində pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə edirlər. Təhsil Nazirliyi tərəfindən onların yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq, təcrübə dövründə tələbələrin təcrübə keçdikləri orta məktəblərdə açıq dərsləri təşkil olunacaqdır. 
  Konfransda universitetin Tədris şöbəsinin müdiri Anar Abuzərlinin "Pedaqoji ixtisaslar üzrə təcrübənin xüsusiyyətləri", Pedaqogika və psixologiya kafedrasının müəllimi Lalə Allahverdiyevanın "Təcrübə zamanı pedaqoji və psixoloji işlər" mövzusunda çıxışları dinlənilib.

  Sonra "Müəllimlik peşəsinin xüsusiyyətləri" mövzusunda slayd nümayiş olunub. Sonda "Naxçıvan" Unversitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.