KEYFİYYƏT TƏMİNATI MƏRKƏZİNİN “PEDAQOJİ” FAKÜLTƏ İLƏ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

    “Naxçıvan” Universitetində “Riyaziyyat və İnformatika”, “Ümumi Tarix” kafedralarının iştirakı ilə Keyfiyyət Təminatı Mərkəzinin növbəti iclası keçirilib.

   

   İclası giriş sözü ilə açan “Pedaqoji” fakültənin dekanı İsmət Həsənov “Naxçıvan” Universiteti daxilində yaradılan Keyfiyyət Təminatı Mərkəzinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bildiyiniz kimi, bu iclas Keyfiyyət Təminatı Mərkəzinin say olaraq üçüncü iclası olsa da, “Pedaqoji” fakültə ilə keçirilən ikinci iclasıdır. Əvvəlki iclasda mən universitet daxilində “keyfiyyət” mədəniyyətinin formalaşmasından və buna nail olmaq üçün görməli olduğumuz işlərdən danışdım. Vurğuladım ki, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün davamlı olaraq faktları və məlumatları toplamalıyıq, təhlil etməliyik və müvafiq bölmələrə ötürülməsini təmin etməliyik. Qısacası, koordinasiyalı bir şəkildə işləməliyik. Və bu gün həqiqətən biz bir daha şahid oluruq ki, əgər “Naxçıvan” Universiteti olaraq belə koordinasiyalı şəkildə işləməyə davam etsək, biz nəinki qarşıya qoyduğumuz məqsədə, hətta daha artıq uğura da nail olacağıq.

   Sonra  Keyfiyyət Təminatı Mərkəzinin müdiri Könül Babayeva vurğuladı ki, ilk növbədə Mərkəz olaraq biz, universitetin bütün fəaliyyətləri haqqında dəqiq, düzgün məlumatların hazırlanmasına, bu məlumatların ictimaiyyət üçün açıqlığının təmin edilməsinə nail olmağı hədəfləyirik. Buna görə də universitetin İKT şöbəsi və mətbuat xidməti ilə daim məlumat və təcrübə mübadiləsi aparırıq. Bu xəbəri də sizlərlə paylaşmaq istəyirəm ki, gələcək günlərdə Keyfiyyət Təminatı Mərkəzinin yeni “instagram” hesabı açılacaq. Könül Babayeva bildirdi ki, həmçinin “Məzun Koordinasiya Mərkəzi”nin yaradılması da gələcək planlarımızın arasındadı. Məqsədimiz isə, tələbəyönümlü təhsil, tədris sistemi haqqında bütün akademik heyəti və təhsilalanları, o cümlədən məzun olmuş tələbələrimizi məlumatlandırmaq, bu sistemin universitetdə tətbiq edilməsini təmin etmək və bu istiqamətdə aparılan işlərə nəzarət etməkdir.

   İclasda həmçinin açıq dərslərin keçirilməsinin, daha çox elmi məqalələrin yazılmasının əhəmiyyətindən də danışılıb.

  “Naxçıvan” Universitetinin “Ümumi Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov, həmin kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov və “Riyaziyyat və İnformatika” kafedrasının müəllimi Şamil Hümbətov çıxış edərək təkliflərini irəli sürüblər.