HAMİLİKLƏ BAĞLI NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

 

       Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti görüş keçirilib.

      Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakültəsinin dekanı Zakir Məmmədov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamı ilə bağlı məlumat verib. Vurğulayıb ki, bu Sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

     Daha sonra İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruz Novruzlu “Sahibkarlığın inkişafı Fondunun fəaliyyəti və iqtisadiyyatın prioritet sahələrinə göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyəti” mövzusunda çıxış edərək tələbələrə sahibkarlıq sahəsində əvəzsiz rola malik olan güzəştli kreditləşmə haqqında ətraflı məlumat verib.

    Görüşdə iştirak edən “Cahan Holdinq” Şirkətlər İttifaqının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ulduz Əliyeva  holdinqin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

    Yekunda görüşdə iştirak edən universitetin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.