ERASMUS+ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ

 

      Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə görülən işlərdən biri də Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqəsidir. Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsi müsabiqənin qalibi adına layiq görülüb. “Naxçıvan” Universitetində bununla bağlı əldə olunan nəzəri nəticələrin müzakirəsi, qiymətləndirilməsi və gələcək fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

       “Naxçıvan” Universitetində təşkil edilən tədbirdə  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev,  Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, Bakı Biznes Universitetinin prorektoru Eşqin Bayramov,  Universitet - sənaye əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova,  Azərbaycan Dövlət Pedaqoji Universiteti,  Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetinin prorektorları  iştirak edib.

      Tədbiri açan “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva layihənin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir: “Heç şübhəsiz ki, layihənin uğurla icrası Azərbaycan ali təhsil sisteminin Bolonya prosesinə inteqrasiya edilməsinə sanballı dəstək olmaqla yanaşı, beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq”.

       Rektor qeyd edib ki, layihə yerli və Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarını müəyyənləşdirəcək. Növbəti mərhələlərdə Azərbaycan universitetləri bir sıra beynəlxalq qurumların üzvü olmaq şansını əldə edəcək. Eyni zamanda, konfrans Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq. Yekunda rektor layihənin koordinatoru olan Bakı Biznes Universitetinə və layihə müəlliflərinə təşəkkür edərək tədbirin gedişinə uğurlar arzulayıb.

       Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Rektor Bakı Biznes Universitetinin koordinator olduğu sözügedən layihənin qarşıya qoyulan hədəflər və layihənin əhatə dairəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və ali təhsil sisteminin inkişafına töhfələr verəcəyini söyləyib.

      Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov layihənin muxtar respublikada ilk tərəfdaşı olan “Naxçıvan” Universitetində keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. O, layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb.

     Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ çərçivəsində həyata keçirilən Rektorlar Konfransı barəsində beynəlxalq təcrübəni bölüşüb.

     Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov öz çıxışında layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib.

       Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru , layihənin koordinatoru Gülşən Bayramova Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.

       Azərbaycan universitetlərinin prorektorları çıxış edərək yeni çağırışların müşahidə olunduğu müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyini və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini vurğulayıblar.      

      Tədbirin yekununda çıxış edən universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli  tələbələr və rəhbərlik arasında ortaq proqramlar yaratmaq, artan mobilliyi asanlaşdırmağı hədəfləyən milli şəbəkənin formalaşdırmaq baxımından layihənin əhəmiyyətini xüsusilə qeyd edib.