EQAC ERASMUS+ LAYİHƏSİNİN SON KONFRANSI KEÇİRİLİB

 

   Bugün  Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin son konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətli nümayəndələri, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko, Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas, Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin xarici tərəfdaşları olan İsveçin Kral Texnologiya Universitetinin, İngiltərinin Middlesex Universitetinin, Litvanın SMK Sosial Tətbiqi Elmlər Univeristetinin, Litvanın EKT Akkreditasiya Təşkilatının, İspaniyanın Alicante Universitetinin məsul şəxsləri və ölkəmizin digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

   Layihənin koordinatoru rolunda çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov tədbiri giriş sözü ilə açaraq bütün konfrans iştirakçılarını salamlayıb. Rektor 5 mərhələ üzrə həyata keçirilən layihə çərçivəsində 4 il müddətində əldə edilmiş faydalı nəticələrdən, beynəlxalq təcrübələrdən və uğurlardan bəhs edib.

   Sonra layihənin koordinatoru Gülşən Bayramova çıxış edib. O, layihədə qarşıya qoyulan məqsədlərdən və yekunda əldə edilən nəticələrdən, layihənin icrası müddətində qarşıya çıxan imkanlardan və eyni zamanda çətinliklərdən bəhs etdi. Belə ki, layihə koordinatoru bildirib ki, layihə çərçivəsində 9 ali təhsil müəssisəsində keyfiyyət təminatı mərkəzləri yaradılmış, iki ali təhsil müəssisəsində isə mərkəzin fəaliyyəti yenidən təşkil edilmiş, 3000-ə yaxın tələbə və 500-dən çox akademik heyət sorğularda iştirak etmiş, 500-ə yaxın akademik heyət müxtəlif təlimlərdə iştirak etmiş, 80 fənn proqramı yenilənmiş, 22 nəfər Keyfiyyətin İdarəedilməsi sahəsi üzrə sertifikatlaşdırılmış, ali təhsil müəssisələri üçün daxili keyfiyyət təminatı standartları və təlimatlarını özündə əks etdirən bələdçi hazırlanmış və digər bir sıra mühüm işlər görülmüşdür. Gülşən Bayramova layihənin bütün tərəfdaşlarına öz dərin minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

  Qeyd edək ki, EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi çərçivəsində “Naxçıvan” Universitetində də Keyfiyyət Təminatı Mərkəzi yaradılıb.