DAHA BİR “NAXÇIVAN” UNİVERSİTETİ MÜƏLLİMİNİN UĞURU

 

   Naxçıvan Universitetində “Xarici dillər” fakültəsində koordinator və baş müəllim vəzifələrində çalışan Elmira Hüseynova Cənubi Kaliforniya Universitetində beş aylıq FFDP Proqramında iştirak etmək üçün yanvar ayında Los-Ancelesə səfər edəcək.

   Qeyd edək ki, Fulbright Fakültə İnkişaf Proqramının (FFDP) məqsədi iştirakçıları ABŞ -da kurikulum və təhsil sistemi üzrə Amerikan universitetlərinin təcrübələri və strategiyaları ilə  tanış etməkdir. Proqram iştirakçıları tədris planı və xüsusi tədris strategiyaları üzrə araşdırmalar aparacaq və proqram başa çatdıqdan sonra iştirakçılar yeni hazırladıqları tədris proqramlarını yanvar ayının ortalarında Nyu Yorkda keçirilməsi planlaşdırılan seminarda təqdim edəcəklər.

  Sözügedən Proqram Azərbaycanda ali təhsil müəssisələrində dərs deyən müəllimlər üçün nəzərdə tutulmuşdur. Ərizəçilər ali təhsil müəssisələrində ən azı 3 il müəllimlik təcrübəsinə malik olmalıdırlar.