DÖVLƏT XALÇA MUZEYİNDƏ KEÇİRİLƏN AÇIQ DƏRS XALQ RƏSSAMI KAMİL ƏLİYEVIN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLİB

 

       “Naxçıvan” Universitetinin “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi dərsdə muzeyin direktoru Ülviyyə Məmmədova görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, xalq rəssamı Kamil Əliyevin toxuduğu xalçalarda mənəvi aləm, qədim tariximiz, zərif düzümlü bəzək elementləri, kalliqrafik yazılar və rəng çalarları böyük ustalıqla təcəssüm edilib. Rəssam Azərbaycan xalçaçılığını dünyanın hər yerində tanıdıb.

       "Əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilən sənətkar xalçaçı kadrların hazırlanması işinə də mühüm töhfələr verib. Azərbaycan incəsənətinə göstərdiyi xidmətlərə görə Kamil Əliyev 1967-ci ildə əməkdar, 1982-ci ildə "Xalq rəssamı" fəxri adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilib",-deyə muzeyin direktoru bildirib. Həmçinin qeyd edib ki, 1980-2004-cü illər arasında rəssam “Heydər Əliyev” xalçasının onlarla variantda layihəsini hazırlayıb və bu layihələrdən ancaq üçünü ilmələr üzərinə köçürüb.  

       Ardından muzeyin baş elmi işçisi Sevinc Səbzəliyeva “Sənətin Kamil zirvəsi” mövzusunda çıxış edərək sənətkarın ömür və sənət yolları, Azərbaycan xalça sənətində qoyduğu məktəb haqqında geniş məlumat verib.

       Sonda tələbələrə xalça toxuma texnikası əyani nümayiş etdirilib və ekspozisiyaya baxış keçirilib.

       Qeyd edək ki, bu il Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2021-ci il 16 oktyabr  tarixli Sərəncamına müvafiq olaraq Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilib. Bu gün keçirilən açıq dərs də Tədbirlər Planına uyğun olaraq təşkil olunub.