DÖVLƏT VERGİ XİDMƏTİNİN ƏMƏKDAŞLARI TƏLƏBƏLƏR İLƏ GÖRÜŞÜB

 

       “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə hamiliyə verilmiş “Biznesin idarə edilməsi” ixtisasında təhsil alan tələbələrlə  görüş keçirilib.

       Tədbirdə “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamın icrası ilə bağlı tələbələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb,  sərəncamın icrası istiqamətində universitetdə keçirilən tədbirlərin ənənə halı aldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, tələbələrin yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr hazırlaması hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.

       Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki,  hamiliyə verilən tələbələrlə görüşün böyük əhəmiyyəti var. Bunda məqsəd onlara düzgün istiqamət vermək, ixtisaslı kadr kimi yetişmələrinə   zəmin yaratmaqdır. Xidmət rəisi tələbələrin yerli vergi orqanlarının iş prosesinə cəlb olunmaları, cari əməliyyatların aparılmasında və hesabatların hazırlanmasında birbaşa iştiraklarının təmin edilməsi istiqamətində görüşlərin keçirilməsinin də vacibliyini vurğulayıb.

       Tədbirdə Xidmətin baş məsləhətçisi Qəzənfər Bayramov İnnovativ inkişaf sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu proses ölkənin sosial innovasiya potensialının bütün imkanlarının reallaşdırılmasına, eləcə də elm və təhsilin davamlı inkişafının təmin edilməsinə yönəldilib. Qeyd olunub ki, muxtar respublikamızda bu istiqamətdə  məqsədyönlü addımlar atılıb.

       Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev son illər həyata keçirilən elektron sənəd dövriyyəsi layihəsi, elektron kitabxana, elektron universitet, Naxçıvanın ailə təsərrüfatları modeli, qədim diyarda son illər formalaşan festival ənənələri və bu festivallarda brend məhsulların təbliğinin innovativ fikirlərə əsaslanan startap layihələrinə nümunə olduğunu diqqətə çatdırıb. Slayd vasitəsilə layihələrin uğur qazanması üçün lazım olan kriteriyalardan bəhs olunub.

       Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.