ALİ TƏHSİL OCAĞINDA “PEŞƏKAR BƏLƏDÇİ” TƏLİMİNİN II MODULU KEÇİRİLİB

 

       Bu gün ali təhsil ocağında “Peşəkar bələdçi” təliminin II modulu keçirilib. Təlimdə iştirak edən “İqtisadiyyat” fakültəsinin dekanı Zakir Məmmədov bildirib ki, , Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan verib və bu sahənin dinamik inkişafına səbəb olub. Həmçinin  dekan qeyd edib ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası daima diqqətdə saxlanılır. Tədris ili ərzində tələbələrlə maarifləndirici görüşlər keçirilir, universitet tərəfindən təşkil olunmuş müxtəlif seminar, iclas və tədbirlərdə tələbələrin iştirakı təmin edilir. Məhz bu gün “Naxçıvan” Universitetinində “Turizm işinin təşkili” və  “Turizm və otelçilik” ixtisası üzrə tələbələrlə keçirdiyimiz “Peşəkar bələdçi” təliminin II modulu bunlardan biridir.

      Ardından çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı  Süleyman Rüstəmov ilk öncə ekskursiya-bələdçisinin peşəkarlığının tərkib hissələri haqqında tələbələrə məlumat verib. Bildirib ki, peşəkarlıq hər hansı bir sahədə yüksək qabiliyyət, müstəsna bacarıq deməkdir. Ekskursiya-bələdçisinin peşəkarlığının mühüm cəhəti onun qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət, əlaqə yaradıb onu uzun müddət saxlamaq bacarığıdır. Vurğulayıb ki, ekskursiya-bələdçisi obyektləri ekskursant qrupuna nümayiş etdirən və eyni zamanda bu nümayişi metodiki tələblərdən irəli gələn lazımi izahlarla müşayiət edərək ekskursiya keçirən bir şəxsdir. Ekskursiya işinin mərkəzi fiquru - bələdçidir. Bunlardan başqa, Süleyman Rüstəmov slayd vasitəsilə tələbələrə ekskursiya zamanı bələdçilərin vəzifəsi, peşə etikası, şifahi nitqin əsas xüsusiyyətləri, nitqin dinləmə və görmə elementləri, ekskursiya zamanı daxili və xarici maneələr haqqında geniş məlumat verib. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini təlim iştirakçılarının diqqətinə çatdırıb.

       Təlimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov isə “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” haqqında tələbələrə geniş məlumat verib, müvafiq sxemləri slayd vasitəsilə nümayiş etdirərək izah edib.  Bildirib ki, turizm marşrutları turistlərin səyahət motivlərinə, turların müddətinə, hərəkət istiqamətinə, fəaliyyət zamanına, təşkil olunma üsullarına, istifadə olunan nəqliyyat vasitələrinin növlərinə görə təsnif olunur.

      Sonda iclasda müzakirə edilən mövzularla bağlı tələbələrin sualları cavablandırılıb və Naxçıvan Muxtar Respublikasının turizm xəritəsini özündə əks etdirən bukletlər iştirakçılara paylanılıb.