ALİ TƏHSİL OCAĞINDA “AZƏRBAYCAN RESPUBLİKASINDA ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASININ PRİORİTET İSTİQAMƏTLƏRİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB

 

      “Ərzaq təhlükəsizliyi müasir qlobal təhlükələrin artdığı bir şəraitdə dünya sivilizasiyasını və dünya ölkələrini narahat edən ən ciddi problemlərdən biri hesab olunur. Dünya dövlətlərinin qarşısında duran mühüm vəzifələrdən biri artmaqda olan dünya əhalisinin ərzaq problemlərinin uzunmüddətli dövr üçün davamlı və sabit formada həll edilməsi, ərzaq əlçatanlığının əhəmiyyətli səviyyədə gücləndirilməsidir”.

     Bu barədə “Naxçıvan” Universiteti “İdarəetmə” kafedrasının müəllimi, İqtisad üzrə fəlsəfə doktoru, dosent İradə Bağırova universitetdə keçirilən elmi-praktiki konfransda danışıb. “Ərzaq təhlükəsizliyinin təmin olunmasında regionların rolu” mövzusunda çıxış edən İradə Bağırova qeyd edib ki,ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərzaq əlçatanlığı kontekstində Minilliyin  İnkişaf  Hədəflərində nəzərdə tutulmuş məqsədlərə nail olunması, ərzaq əlçatanlığının davamlı şəkildə sistemləşdirilməsi, dünya ölkələrinin, o cümlədən Azərbaycanın bu proseslərdə fəallığının artırılması, mühüm ərzaq və qida məhsulları istehsalının genişləndirilməsi və emal sahələrinin gücləndirilməsi üzrə dövlət siyasətinin təkmilləşdirilməsi, stimullaşdırılması mexanizmlərinin tətbiqi vacib şərtlərdəndir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində müasir çağırışların diqqətlə izlənilməsi və nəzərə alınması, iqlim dəyişiklikləri ilə bağlı olaraq dünya ölkələrinin birgə əməkdaşlığının gücləndirilməsi, torpaq, su və digər resurslardan səmərəli istifadənin təmin olunması üzrə müasir texnologiyaların əsaslı fəaliyyət mexanizmləri genişləndirilməlidir.

     “Təhlükəsiz qida məhsullarının istehsalı dövrün tələbidir” mövzusunda çıxış edən universitetin “İqtisadiyyat” kafedrasının müəllimi, İqtisad üzrə fəlsəfə doktoru, dosent Həsən Məmmədov bildirib ki, dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır. Beləliklə, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır.  Son illərdə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və ÜST tərəfindən  qida təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə elmə əsaslanan risklərin təhlili bu məsələnin həlli üsulu kimi qəbul edilir. Çünki, risklərin qiymətləndirilməsi insan sağlamlığı və həyatı üçün təhlükə ehtimalının və onun ciddiliyinin müəyyən edilməsində vacib amildir.

   Konfransda müzakirə edilən digər bir mövzu universitetin “İqtisadiyyat” kafedrasının müəllimi Nərmin Eylazovanın “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı ərzaq təhlükəsizliyinin başlıca şərtidir” adlı çıxışıdır. O bildirib ki, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi, əsasən, Naxçıvan Muxtar Respublikasının daxili imkanlarına və sosial-iqtisadi inkişafın prioritetlərinə görə diqqəti cəlb edir. Belə ki, muxtar respublika iqtisadiyyatına investisiya qoyuluşunu sürətləndirmək, ənənəvi sahələrin işini canlandırmaq üçün görülən işlər çox qısa zaman içində öz bəhrəsini göstərib. Artıq Naxçıvan Muxtar Respublikası özünün investisiya cazibədarlığı ilə ölkəmizin digər iqtisadi rayonları arasında birinci yeri tutur ki, bu da sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına göstərilən hərtərəfli qayğı, bu sahəyə real kredit dəstəyi nəticəsində mümkün olub.

   “Naxçıvan” Universitetinin “Mühasibat uçotu” ixtisasının IV kurs tələbəsi Hüseyn Cavid Namazov “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin əsas istiqamətləri” adlı çıxışında bildirib ki, tarixin bütün dövrlərində hər bir dövlətin qarşısında duran və bu gün də öz aktuallığını qoruyub saxlayan ən vacib vəzifələrdən biri əhalinin ərzaq məhsulları ilə etibarlı təminatıdır. Məhz buna görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bu məqsədyönlü siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilib. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə qəbul edilən üç Dövlət proqramı bu sahədə böyük uğurların qazanılmasına şərait yaradıb. Əminliklə demək olar ki, dördüncü Dövlət proqramının icrası da ərzaq təminatı sahəsində ciddi nailiyyətlərə səbəb olacaqdır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiqlənmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” da uğurla icra olunur. Bu proqramlar muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.