“VAQİF” DRAMI SƏHNƏLƏŞDİRİLİB

 

 

       “Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə II kurs tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” dramı səhnəyə qoyulub.

         Konfrans zalında keçirilən tamaşanın açılışında çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı “Vaqif” mənzum dramı müəllifin yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılıb və tarixi mövzudadır. “Vaqif” ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. Vaqif dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan Səməd Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirib. Pyes Səməd Vurğunun yazdığı ilk səhnə əsəridir.

      Əsərin əsas mövzusu görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin həyatı və Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici hücumlara qarşı mübarizəsidir. Əsərin əsas konfiliktini Ağa Məhəmməd Şah Qacarla ona qarşı duran Azərbaycan qüvvələrinin müstəqillik uğrundakı mübarizəsi təşkil edir.Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir.

      Sonra tamaşa nümayiş edilib. Tələbələrin ifası izləyicilər tərəfindən alqışlarla qarşılanıb.