“NAXÇIVAN” UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ

 

       “Naxçıvan” Universitetinin “Pedaqogika və Psixologiya” kafedrasının təşkilatçılığı ilə Bakı  şəhər  Baş Təhsil İdarəsi - psixoloji xidmət üzrə mentor, Psixoloji-Tibbi-Pedaqoji komissiyanın sədri, psixoloq-konsultant Elşad Səfixanovun  tələbələrlə görüşü təşkil olunub.

       Universitet  tələbələrinin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün ardıcıl seminarlar, tədbirlər  təşkil edir ki, bu görüş də həmin sıradandır.

       Psixoloq Elşad Səfixanov qeyd edib ki,  gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq lazımdır. Onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərmək başlıca tələbdir.   

       Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, həmçinin problemi həlletmə bacarıqlarından da bəhs edib. 

       Mövzu ətrafında  sual-cavablarla maraqlı  müzakirə aparılıb.