“NAXÇIVAN” UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ÜÇÜN “MƏRKƏZI BANKÇILIQ” ADLI SEMİNAR KEÇİRİLİB

 

     Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank Savadlılığı Komandası” tərəfindən istehlakçıların bank savadlılığının artırılması və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif səpkili tədbirlər, seminarlar həyata keçirilməyə başlanılıb.Məhz bu tədbirlərdən biri də bu gün  “Naxçıvan” Universitetində keçirilib. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi təşkilatçılığı ilə keçirilən seminarda “Naxçıvan” Universitetinin “Maliyyə”,  “Mühasibat uçotu” və “İqtisadiyyat” ixtisasının tələbə və müəllim kollektivi iştirak edib. Əvvəlcə univeristetinin Tədris və tərbiyə  işləri üzrə prorektoru Hüseyn Bağırsoylu  deyib ki, keçirilən bu cür görüşlərdə tələbələr praktik olaraq ilkin peşə vərdişlərinə yiyələnmək şansı əldə edirlər.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Sədr müavini Emin Quliyev bu kimi seminarların keçirilməsində əsas məqsədin tələbələri bank işi sahəsi ilə barədə məlumatlandırmaq və onları bu sahələrə istiqamətləndirmək olduğunu deyib Qeyd olunub ki, bundan sonra görüləcək işlər muxtar respublikamızda bank savadlılığının ictimai dəyər kimi tanınmasında, tələbələrin savadlılıq səviyyəsinin artırılmasında, bank məsələləri ilə bağlı düzgün qərarların verilməsində mühüm rol oynacaqdır. 

     Həmin idarənin əməkdaşı Qənbər Xudiyev çıxış edərək Mərkəzi Bankın inkişaf yolu, məqsəd və funksiyaları, onun iqtisadiyyatda  rolu, o cümlədən pul siyasəti, valyuta ehtiyatlarının idarə olunması, məzənnə rejimləri, uçot faiz dərəcəsi, inflyasiya kimi mövzularla bağlı tələbələrə geniş məlumat verib, eyni zamanda mövzular elektron slaydlarla tədris olunub.

     Həmçinin seminar zamanı iştirakçılara bizimpullar.az portalı, edu.e-cbar.az virtual təhsil platforması və axtar.bizimpullar.az (infobank.az) maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə geniş məlumat verilib.

    Qeyd edilib ki, Mərkəzi Bank əhalinin bank bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcəkdir

    Sonda isə, mövzu ətrafında müzakirələr aparılıb,seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Seminarın sonunda  “Naxçıvan” Universitetinin nəzdində yaradılan “Bank kabinəsi”nə baxış olub.