“NAXÇIVAN” UNİVERSİTETİNİN MÜƏLLİMİ İRADƏ BAĞIROVA TƏHSİL ALDIĞI MƏKTƏBDƏ NÖVBƏTİ DƏFƏ NÜMUNƏVİ DƏRS KEÇİB

 

       “Naxçıvan” Universitetinin “İdarəetmə” kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru dosent İradə Bağırovanın orta təhsil aldığı məktəbdə növbəti nümunəvi dərsi keçirilib. Babək rayon Xal-Xal kənd tam orta məktəbin IX sinif şagirdləri üçün “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının müasir vəziyyəti” mövzusu ilə bağlı danışan İradə Bağırova bildirib ki, ötən 16 il ərzində muxtar respublikanın bütün iqtisadi fəaliyyət sahələri sürətlə inkişaf edib. Qeyd edib ki, qədim diyar inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi var. Kənd təsərrüfatı, əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşıb. Muxtar respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilib, torpaq islahatı başa çatdırılıb, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılıb.