“NAXÇIVAN” UNİVERSİTETİNDƏ TƏHSİL ALAN ƏCNƏBİ TƏLƏBƏLƏR “ƏSHABİ-KƏHF ZİYARƏTGAHI” DİNİ-MƏDƏNİ ABİDƏ KOMPLEKSİNDƏ EKSKURSİYADA OLUBLAR

    “Naxçıvan” Universiteti yenə ənənəsinə sadiq qalaraq ali təhsil ocağında təhsil alan əcnəbi tələbələr üçün “Welcome to Nakhchivan” layihəsi çərçivəsində  ekskursiya təşkil edib. Bu dəfə tələbələr Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olublar.

     Kompleksin bələdçisi məlumat verib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarası təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də Əshabi-Kəhfin adı çəkilir. Əshabi-Kəhf dağın və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshabi-Kəhf mağarası dağlar arasında yerləşir. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsir. İlin hansı dövründə olursa-olsun, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə Əshabi-Kəhfdə iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 kilometr məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində qonaq evi, bələdçi otağı və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır.

      Ekskursiyada 30 nəfər əcnəbi tələbə iştirak edib.