“NAXÇIVAN” UNİVERSİTETİNDƏ I KURS MAGİSTRANTLARLA GÖRÜŞ

    “Naxçıvan” Universitetinin  “Magistratura və doktorantura” bölməsinə daxil olan magistr I kurs tələbələri ilə görüş keçirilib. 

     Universitetinin rektoru, dosent Nurlana Əliyeva bu il magistr adını qazanmış gəncləri təbrik edərək “Naxçıvan” Universitetini seçdiklərinə, elmi fəaliyyət pilləsində ilk addımlarını bu təhsil ocağında atdıqlarına görə tələbələrə təşəkkürünü bildirib. Qeyd edib ki, bu onların həyatında artıq yeni bir səhifədir.

     Rektor tələbələrə magistratura haqqında məlumat verərək bildirib ki, bildiyiniz kimi  magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Magistratura pilləsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın müstəqil yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir. Magistrlik dissertasiyası magistrantın müvafiq ixtisaslaşma və ya sahə üzrə gətirdiyi yeniliyi əks etdirməlidir. Magistrlik dissertasiyasının hazırlanması və müvəffəqiyyətlə müdafiəsi magistr hazırlığı proqramının yerinə yetirilməsinin məcburi şərtdir. Magistrlik dissertasiyasının müdafiəsinə tədris planında nəzərdə tutulmuş bütün fənləri tam mənimsəyən və müvəfəq qiymət alanlar buraxılırlar. Buna görə də hər bir magistrant dərsləri buraxmamalıdır. Həmçinin  bildirib ki, universitetdə yaxşı təhsil almaq üçün hər bir şərait yaradılıb. Yetər ki, tələbə oxumaq, elm, bilik əldə etmək istəsin, bunun üçün səy göstərsin. Bunu əminliklə deyə bilərəm ki, dərsə ciddi yanaşan, tədris proqramını vaxtında mənimsəyən tələbənin keyfiyyətli elm  qazanması, ixtisaslı mütəxəsis kimi formalaşması üçün heç bir maneə yoxdur.

   “Magistratura və doktorantura” bölməsinin müdiri Əli Həşimli çıxış edərək bolmə haqqında tələbələrə məlumat verib. Bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən bu bölmədə 3 əcnəbi, 28 yerli magistr tələbəsi təhsil alır. Bu il isə, 7 ixtisas üzrə 15 nəfər magistr I kurs tələbəsi bizim universitetimizi seçib. Mən də universitet adından bizi secdiyinizə görə sizlərə təşəkkürümü bildirirəm. Bunu qeyd etmək istəyirəm ki, “Magistratura və doktorantura” bölməsi fəaliyyətə başladığı gündən tələbələrin daha yaxşı təhsil almaları üçün əlindən gələni əsirgəmir. Həmçinin Əli Həşimli yeni tədris ilində qarşıda duran vəzifələrə toxunaraq, I kurs magistr tələbələrinə təhsil müddətində uğurlar arzulayıb.