“NAXÇIVAN” UNİVERSİTETİNDƏ MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLİB

    “Naxçıvan” Universitetində 5 oktyabr-Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib. Bu münasibətlə universitetin konfrans zalında keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

   

    Tədbiri giriş sözüylə açan universitetin rektoru, dosent Nurlana Əliyeva qeyd edib ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat  tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Həmin vaxtdan başlayaraq hər il 5 oktyabr tarixi  Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsilin inkişafındakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Müstəqil Azərbaycanda isə, bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də  rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü  bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd edilir. Rektor bildirib ki, ümummili lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Həmçinin Nurlana Əliyeva qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılıb. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi də layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.    

    Sonra tədbir bədii hissəsi ilə davam etdirilib. Tədbir iştirakçıları universitetin tələbələri tərəfindən hazırlanmış “Vətən müharibəsində  şəhid olmuş təhsil işçiləri” haqqındakı videoçarxa baxıblar. Tədbirin aparıcıları müəllimləri təbrik edib, tələbələr isə, müəllimlərə həsr olunmuş şeirləri bədii qiraət ediblər. Universitetin tələbərindən ibarət şən hazırcavab klubunun göstərdiyi səhnəciklər tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

    Tədbirə universitetin rektoru, dosent Nurlana Əliyevanın “Mən 5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətiylə “Naxçıvan” Universitetinin bütün müəllim heyətini bir daha səmimi-qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Belə ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur” sözləri ilə yekun vurulub.