“NAXÇIVAN” UNİVERSİTETİNDƏ ELMİ KONFRANS KEÇİRİLİB

 

       “İdarəetmə” kafedrasının təşkilatçılığı ilə ali təhsil ocağında növbəti elmi konfrans keçirilib. Mövzu “Azərbaycanda yeni strateji məqsədlər və hədəflər” olub.

       Konfransın açılışında çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu bildirib ki, Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra ölkəmizin qarşısında yeni strateji hədəflər və məqsədlər dayanır. Müstəqillik illərində cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edən Azərbaycan bu gün Cənubi Qafqazda yeni tarixi reallıq yaradıb. Reallıq budur ki, ölkəmz 30 illik erməni işğalına son qoyub, ərazi bütövlüyümüz bərpa olunub. Qarşıda duran ən böyük hədəfimiz isə Qarabağı dirçəltmək, o yerlərə yenidən həyatı qaytarmaqdır. Düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi altında Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, hazırda bu iş Laçında və Zəngilanda davam etdirilir. Eyni zamanda “Böyük Qayıdış” prosesi üçün mühüm infrastruktur layihələri reallaşdırlır. Bütün bunlar göstərir ki, ölkəmiz yeni tarixi şəraitdə yeni hədəflərə doğru inamla addımlayır.

        Konfransın proqramı haqqında məlumat verən “İdarəetmə” kafedrasının müdiri İradə Bağırova dinləniləcək məruzələrin aktuallığından bəhs edib. Sonra məruzələr dinlənilib.

         İlk öncə kafedranın müəllimi Nəcəf Əliyevin “Düşünülmüş və çevik siyasət ölkəmizin davamlı inkişafının təminatıdır” mövzusundakı məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən Dövlət proqramlarının rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

        Ardından “ Vətən müharibəsindən sonra yaranmış yeni strategiyaların Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda çıxış edən kafedranın müəllimi Oktay Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı artıq yeni inkişaf mərhələsinə başlayıb. Belə ki, 2020-ci il Azərbaycan respublikası üçün çox vacib, əhəmiyyətli və mühüm yer tutur. Şanlı qələbəmizin nəticəsi olan 3 tərəfli bəyanatın ölkəmiz üçün önəmi böyükdür. Çünki bəyanatın çox mühüm bir bəndi olan Zəngəzur dəhlizi Azərbaycan üçün yenidən İpək yolunun bərpası və böyük Türk ölkələri birliyinin formalaşması deməkdir.

        Konfransda iştirak edən “İdarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə III kurs tələbəsi Məşdi Ələkbərov  “İnsan kapitalı strateji hədəf kimi: mövcud vəziyyət və problemlər” məruzəsində dövlətin “insan kapitalı”na qayğısından söz açıb. Qeyd edib ki, hazırda Azərbaycanda neftdən gələn gəlirlərin “insan kapitalı”na yönəldilməsi prosesi baş verir. Bunu konkret olaraq yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, ölkə üzrə bütün kitabxanaların geniş çeşidli kitablarla təmin edilməsi, yeni təhsil standartlarının müəyyən edilməsi, daha bilikli və qabiliyyətli insanların ali təhsilin istənilən mərhələlərində ödənişsiz təhsil alması və onlara təqaüdlərin verilməsi, xaricdə təhsillərini davam etdirmək istəyən şəxslər üçün imkanların yaradılması kimi mühüm göstəriciləri misal göstərmək olar.

       Sonda konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.