“NAXÇIVAN” UNİVERSİTETİNDƏ “ROBOTTEXNİKA VƏ STEAM KABİNƏSİ” YARADILIB

 

     “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən təhsil müəssisələri tikilmiş, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilmiş, infrastrukturu yenilənmişdir.Məhz “Naxçıvan” Universiteti də bu diqqət və qayğıdan öz payını almışdır”.

     Bu barədə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva universitetdə yaradılan ”Robottexnika və STEAM kabinəsi”nin açılış tədbirində danışıb. Rektor bildirib ki, yeniyetmə və gənclərin dövrün tələblərinə uyğun təhsil alması və müasir texnologiyanı tam mənimsəməsi məqsədi ilə yeni təhsil metodları da hazırlanır. Bunlardan biri də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və dünya təhsil sistemində əsaslı yer tutan STEAM təhsil metodudur. STEAM nədir? STEAM beş fəndən – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyatdan ibarət olan və fənlər arasında keçidi təmin edən bir modeldir. Uşaqları XXI əsrə hazırlayan təhsil sisteminin mahiyyəti qısaca budur: düşün, gör, toxun, et.

      Nurlana Əliyeva vurğulayıb ki, müasir təhsildə mütəxəssis hazırlığının əsas istiqamət kimi götürüldüyü STEAM metodlarının Naxçıvan şəhərində tətbiqinə  2020- ci ildən başlanılıb. 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib. Bu məqsədlə STEAM kabinələri yaradılıb, müəllimlər STEAM təlimlərinə cəlb olunub. Təlimlərin  yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə  bu gün “Naxçıvan” Universitetində də  “Robottexnika və STEAM kabinəsi” yaradılıb.

         Sonra Naxçıvan  Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, təhsildə tətbiq olunan ən mühüm yeniliklərdən biri də STEAM təhsil metodunun tətbiqidir. Nazir qeyd edib ki, STEAM təhsilinin muxtar respublikada əhəmiyyəti nəzərə alınaraq  Naxçıvan Muxtar Respublikası  Ali Məclisin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərancam imzalamışdır. Sərancama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılacaq, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək, hər il “STEAM təhsil festivalı”  keçiriləcəkdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

      Təhsil naziri pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə yanaşı sabahın müəllimlərinin də ali təhsil pilləsində kurikulum vasitəsi ilə STEAM mövzularına yaxşı yiyələnmələrinin zəruriliyindən bəhs edərək vurğulayıb ki, məhz bu baxımdan “Naxçıvan” Universitetində STEAM təhsil metodu üçün hər cür imkanlara malik kabinənin yaradılması olduqca əhəmiyyətlidir. Çünki, universitetdə “Robottexnika və STEAM  kabinəsi”nin yaradılması pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin məktəblərdə tətbiq olunan STEAM təlim metoduna əvvəlcədən yiyələnmələrinə mühüm töhfələr verəcəkdir. İnanırıq ki, yaradılan imkanlardan istifadə edən STEAM bilikli tələbələrimiz gələcəkdə ixtisasını yaxşı bilən müəllim olmaqla yanaşı, STEAM sahəsində bacarıqları ilə təhsilimizin inkişafına təkan verəcəklər.Ölkəmizi texnologiya istehlakçısından texnologiya istehsalçısına çevirməyə qadir kadrlar olacaqlar.

       Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan” Universitetinə STEAM dərslərinin tədrisi üçün 1 ədəd xətt izləyən robot, 1 ədəd eketron dövriyə dəsti, 1 ədəd arduino, 5 ədəd 3D çap materialı, metodik vəsaitlər, dərslik və proqramlar hədiyyə edilib.

      Ardından universitetin Elektron Texnika üzrə nəzarətçi vəzifəsində çalışan  Şamil Hümbətov  təqdim olunan STEAM avadınlıqları  barədə məlumat verib.

     Sonda isə tələbələr tərəfindən hazırlanmış STEAM  layihələrin təqdimatı olub.