“NAXÇIVAN” UNİVERSİTETİNDƏ “PEŞƏKAR BƏLƏDÇİ” TƏLİMİ I MODUL İCLASI KEÇİRİLİB

      “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur”.       Bu barədə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bu gün universitetdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşkilatçılığı ilə keçirilən “Peşəkar Bələdçi” Təlimi I Modul iclasında danışıb. Rektor bildirib ki, hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikanın turizm potensialından istifadəyə yönələn tədbirlərin davamlılığının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da xüsusi əhəmiyyət kəsb edir.

     Rektor iclasda iştirak edən “İqtisadiyyat” fakültəsinin “Turizm işinin təşkili”və “Turizm və otelçilik” ixtisaslarında təhsil alan tələbələrə keçirilən bu  iclasın önəmini bir daha vurğulayaraq qeyd edib ki, məqsədimiz tələbələrimizin turzimlə bağlı universitetdə əldə etdiyi nəzəri bilikləri təcrübədə uğurla həyata keçirmələrinə  köməklik göstərməkdən ibarətdir.

     Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş və bu sahənin dinamik inkişafına səbəb olmuşdur. Həmçinin Əkbər Novruzov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası da diqqətdə saxlanılır. Tədris ili ərzində tələbələrlə maarifləndirici görüşlər keçirilir, Departament tərəfindən təşkil olunmuş müxtəlif seminar, iclas və tədbirlərdə tələbələrin iştirakı təmin edilir. Məhz bu gün “Naxçıvan” Universitetinində “Turizm işinin təşkili” və  “Turizm və otelçilik” ixtisası üzrə tələbələrlə keçirdiyimiz “Peşəkar bələdçi” Təlimi I Modulu iclasımız da bunlardan biridir. 

    Ardından Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Süleyman Rüstəmov çıxış edərək bildirib ki, muxtar respublikada turizm sektoru sürətlə inkişaf etməkdədir. Naxçıvan artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Qədim diyara gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə,bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Belə ki, ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Bu, həm yerli turistlər, həm də muxtar respublikaya gələn xarici turistlər üçün eyni dərəcədə gərəklidir. Ekskursiya xidmətinin keyfiyyəti bu gün ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi, təşkilatçılıq bacarığı ilə müəyyən edilir.Buna görə də göstərilən ekskursiya xidmətində artıq işini mükəmməl bilən ixtisaslı ekskursiya bələdçilərinin xidmətlərindən istifadə edirlər. Qısacası, turistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik və təcrübəsindən çox asılıdır. Məhz məsələyə bu prizma ilə yanaşsaq, məqsədimiz bu modulu tamladıqdan sonra tələbənin yüksək turizm - ekskursiya işini təşkilini bacarmağıdır.

   Sonda iclasda müzakirə edilən mövzularla bağlı tələbələrin sualları cavablandırılıb.