“NAXÇIVAN” UNİVERSİTETİNDƏ “AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

 

    

       Ali təhsil ocağının “Ümumi tarix” kafedrasının təşkilatçılığı ilə “Azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib. Konfransda universitetinin müəllim və tələbə heyəti iştirak edib.

       Bu gün “Azərbaycançılıq məfkurəsi” mövzusunda konfransın keçirilməsi gənclərin ideoloji siyasi şüurunun artırılması, onların vahid fikir ətrafında birləşməsi baxımından böyük əhəmiyyətə malikdir”, – deyən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva diqqətə çatdırıb ki, azərbaycançılıq ideologiyası ulu öndərin bütöv bir sistem təşkil edən nəzəri irsində və siyasi fəaliyyətində önəmli yer tutub. Vurğulayıb ki, dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirib, Azərbaycançılıq məfkurəsinin elmi-nəzəri, siyasi-ideoloji prinsiplərini müəyyənləşdirib və əsaslandırıb, eyni zamanda bütün fəaliyyəti boyunca bu ideologiyanın hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirib.

       “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mərzusəsində “Ümumi tarix” kafedrasının müəllimi Mədət İsmayılov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu,  Azərbaycançılıq məfkurəsi təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyi sayılır. Ulu öndər Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycan dövlətidir. Müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir. Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq, milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələnib. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır.  

       “Azərbaycan ədəbiyyatında azərbaycançılıq” adlı məruzəsində “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dosenti İman Cəfərov ədəbiyyatda azərbaycançılıq ideyasının XX əsrin əvvəllərində ədəbiyyat konsepsiyası səviyyəsinə çatmasından danışıb. Bildirib ki, Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” dramı (1920) azərbaycançılıq idealının manifesti kimi meydana çıxıb. Sovet hakimiyyəti illərində azərbaycançılıq məfkurəsinin vətənpərvərlik adı ilə yaşadıldığını vurğulayan İman Cəfərli müstəqillik dövründə isə azərbaycançılığın ilk dəfə olaraq milli dövlət ideologiyasına çevrildiyini bildirib. Beləliklə, azərbaycançılıq uzun əsrlər ərzində ölkə ədəbiyyatının ideya əsası kimi mövcud olub və ədəbi fikirdə milli maraqların ifadə olunmasına meydan açıb.

       Universitetin “Tarix müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Elyar Əhmədov “Azərbaycançılıq nədir” məruzəsində isə azərbaycançılığın milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistem olduğunu vurğulayıb. Bildirib ki, azərbaycançılıq ideyasının kökündə millətçilik yox, dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sisteminin formalaşdırmasıdır.

       Konfransın yekununda iştirakçıların suallarına aydınlıq gətirilib.