“NAXÇIVAN” UNİVERSİTETİ NÖVBƏTİ SEMESTRƏ HAZIRDIR

 

       Ali təhsil ocağında növbəti semestr hazırlığının vəziyyəti müzakirə olunub. Müzakirədə universitetin “Azərbaycan dili və ədəbiyyat”, “Xarici dillər” və “Pedaqogika və psixologiya” kafedralarının müəllimləri və Keyfiyyət Təminatı Mərkəzinin müdiri iştirak edib.

      Universitetdəki keyfiyyət standartları haqqında məlumat verən Keyfiyyət Təminatı Mərkəzinin müdiri Könül Babayeva mövcud olan proqramların və təklif olunan yeni proqramların universitetin məqsəd və strategiyasına uyğun formada tərtib olunduğunu bildirib. Qeyd edib ki, yeni proqramların tərtibatında universitetin imkanlarının, maddi-texniki bazasının, kitabxana resurslarının və digər xidmətlərin nəzərə alınması, beynəlxalq və yerli təcrübə, sahədəki ən qabaqcıl proqramlar ilə müqayisəsi də əsasdır.

      Müzakirədə keçən semestrdəki hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında Power Pointdə hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri haqqında da məlumat verilib. Yekunda isə yeni sillabusların fənn bölmələri və bölümlər daxilində fənlərin məntiqi uzlaşması və ardıcıllığına uyğun şəkildə tərtib olunacağı bildirilib.

      Qeyd edək ki,  semestr hazırlığının vəziyyəti ilə bağlı  növbəti görüşlərin keçirilməsi də nəzərdə tutulur.