“NAXÇIVAN” UNİVERSİTETİ ECAR+ERASMUS LAYİHƏSİNİN FRANSADAN OLAN TƏRƏFDAŞI CPU (FRANSA REKTORLAR KONFRANSI)-NIN TƏŞKİLATÇILIĞI İLƏ KEÇİRİLƏN BİR HƏFTƏLİK TƏLİMDƏ İŞTİRAK EDİR

 

      22-26 noyabr tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycan Rektorlar Konfransının yaradılması məqsədini daşıyan layihə çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş ikinci komponentinin icrasına başlanılıb. İkinci komponentin əsas məqsədi layihə tərəfdaşı olan Avropa Rektorlar Konfransının təcrübəsini öyrənməkdir. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb. Komissiyanın ilk səfəri 22-26 noyabr tarixlərində Fransada keçirilməkdədir. Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzi (FEİ)-nin təşkilatçılığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının ali təhsildə rolu, təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvülük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və       CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.