Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

  “Qars Müqaviləsi 100 İl: Tarixi-siyasi əhəmiyyəti və bu günün siyasi reallıqları” adlı konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, 2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 8 fevral 2021-ci il tarixində “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama uyğun olaraq müxtəlif tədbirlər, konfranslar keçirilir, xüsusən gənc nəsilə müqavilənin əhəmiyyəti barədə məlumat verilir. “Naxçıvan” Universiteti tərəfindən təşkil olunan hazırki beynəlxalq konfrans da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

  Yüzə yaxın iştirakçının qatıldığı konfransda rektor qeyd edib ki, 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm tarixi sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minmişdir. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər.

  Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək dediyi: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir” fikirlərini xatırladan rektor, Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunmasının dövlətçilik tariximizdə mühüm mərhələ olduğunu bildirib. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının isə bütün dövrlər üçün aktual və vacibliyini vurğulayıb.

   Konfransda növbəti olaraq İstanbul Zaim Universitetinin professoru Məhmət Əli Bolat “Qars müqaviləsinin Türkiyə üçün əhəmiyyəti”ndən danışıb. Bildirib ki, Azərbaycan və Türkiyə xalqlarının taleyi bir-biri ilə sıx bağlı olub. XX əsrin əvvəlində Cümhuriyyətini elan edən Türkiyə Azərbaycanın milli müstəqilliyinin qorunmasında və Cənubi Qafqazda sülhün təmin edilməsində hər zaman əsas qüvələrdən biri olmuşdur. 16 mart 1921-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan Moskva və 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanan Qars müqaviləsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması öz əksini tapmışdır. Bu baxımdan Qars müqaviləsi xüsusilə əhəmiyyətli idi. Müqavilədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapmışdır. Müqavilənin 5-ci maddəsinə əsasən Ermənistan Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razı olmuş və onun sərhədlərini tanımışdır. Qars müqaviləsinin 1-ci maddəsinə əsasən müqaviləni imzalayan tərəflər, o cümlədən Ermənistan indiyədək imzalanan müqavilələri ləğv olunmuş və qüvvəsini itirmiş hesab edirdilər. Müasir dövrümüzdə Naxçıvanın ərazi bütövlüyünün qorunmasında böyük əhəmiyyəti olan müqaviləni qüvvədən salmaq istəyən ermənilərin bunun üçün ciddi cəhdlə çalışdıqlarını deyən məruzəçi, bu “istəyin” gerçəkləşməyəcəyini, baş verə biləcək hər hansı təxribatda Türkiyənin birbaşa müdaxilə hüququ olduğunu xatırladıb.

 “Moskva və Qars müqavilələrində Naxçıvan məsələsi” haqqında danışan Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Xəqani Məmmədov isə çıxışında bu müqavilənin imzalandığı tarixi şəraitdən danışıb. Həmin tarixi dönəmə aid bəzi yazışmalar, qeydlər barədə iştirakçılara məlumat verib. Müqavilələrin imzalanması ilə Naxçıvanın təhlükəsizlik məsələsinin birdəfəlik həll olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, müddətsiz imzalanan müqaviləyə əsasən Naxçıvan üçüncü dövlətə güzəştə gedilə bilməz. Bu maddə ilə həm də ermənilərin əraziyə olan iddiaları əbədi olaraq tarixə qovuşdu.

  Sonra Almaniyanın Bonn Universitetinin tədqiqatçısı Türkanə Allahverdiyevanın çıxışı dinlənilib. “Mudros müqaviləsindən Qars müqaviləsinə, Türkiyə və Naxçıvan məsələsi”ndən danışan tədqiqatçı bildirib ki, tarixən Naxçıvanla bağlı imzalanan bir çox müqavilədə Türkiyə xüsusi rol oynayıb. Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı Naxçıvanın regiondaki geosiyasi əhəmiyyətini vurğulayan məruzəçi, qonşu ölkələrin zaman-zaman buraya yiyələnmə cəhdlərindən danışıb. Tarixi sənədlər haqqında ətraflı məlumat verdikdən sonra, müasir dövrümüzdə , 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyənat haqqından danışıb. Naxçıvanın blokadadan çıxmaq, Azərbaycanla Türkiyənin birləşmək imkanı qazanacağı, regionda çox böyük ticari əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizini xatırladıb.

   Konfransda son olaraq “Naxçıvan” Universitetinin dosenti Elçin Zamanlının “Gümrü- Moskva-Qars müqavilələri Naxçıvanın qurtuluşunun və siyasi hüquqi muxtariyyətinin tarixi təminatçısıdır” adlı çıxışı dinlənilib. Naxçıvanın tarixində mühüm əhəmiyyəti olan bu müqavilələrin XX əsrdə Naxçıvan ərazi bütövlüyünün təmin olunmasındaki rolunu vurğulayan dosent, xüsusən Qars müqaviləsi ilə Naxçıvanın statusunun təsbit olunduğunu və tərəflərin Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəldiyini bildirib. Naxçıvanın statusu və tabeçiliyi məsələsinin bu beynəlxalq müqavilə ilə tam şəkildə həll edildiyini xatırladıb. Onun bu günədək etibarsız elan edilmədiyini və bundan sonra da öz hüquqi qüvvəsini saxlayacağını deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun dediyi : "Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir" fikirlərini xatırladıb.

  Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.