Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı, şair, dramaturq, publisist Asim Yadigarla görüş keçirilib

  Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixində Naxçıvan ədəbi mühitinin özünəməxsus yeri var. İstər ədəbi-bədii yaradıcılıq, istərsə də elmi–tədqiqat sahəsində Naxçıvanlı qələm sahibləri həmişə öz sözlərini deyib, ədəbiyyatşünaslığımıza layiqli töhfələr veriblər. Bu şairlər içərisində Asim Yadigarın özünəməxsus yeri və rolu var. Asim Yadigar Azərbaycan ədəbiyyatının inkişafında, gənclərimizə vətənpərvərlik duyğularının aşılanmasında və yeni ədəbi gəncliyin yetişməsində mühüm xidmətlər göstərib. Onun müxtəlif vəznlərdə 600-dən artıq şeiri çap edilib. Müəllifin heca, əruz və sərbəst vəzndə yazdığı şeirləri sübut edir ki, şair hər bir vəzndə gözəl nümunələr yaratmaq imkanına malikdir. Bu baxımdan onun rübailəri, qəzəlləri, təxmisləri, məsnəviləri klassik şeir nümunələri kimi böyük maraq kəsb edir. Digər tərəfdən onun qoşma və gəraylıları, təcnisləri də göstərir ki, Asim Yadigar bir şair kimi xalq şeiri formalarında da olduqca məharətlidir ki, gözəl sənət nümunələri yarada bilib. Şairin müxtəlif illərdə işıq üzü görən "Zirvə yolu”, "Unut bu sevdanı”, "Oğul dağı”, "Hər şeyin sonu var”, "Midiyanın süqutu”, "Sənətinin vurğunu”, ”Bahar”, ”Kalba Musa çeşməsi”, "Bir nurlu heykəl yarat”, "Bir ömrün nəğməsi” və s. adlı əsərləri oxucular tərəfindən maraqla qarşılanıb. Yaradıcılığında Ümummili Lider Heydər Əliyevə həsr olunan "Heydər zirvəsi”, "Dədə Heydərim mənim” və "Gəldi ulu Heydərin İlham dühası, gəldi”, "Bir nurlu heykəl yarat”, "Azərbaycan dünyaya günəş kimi doğacaq”, "Azərbaycan bayrağına”, ”Bir bayraq altında”, ”Vətən oğlu”, "Döyüş əmri ver mənə” və s. şeirləri bu gün Naxçıvan ədəbi mühitində siyasi lirikamızın gözəl nümunələrindəndir.

  Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli şairin həyat yolu və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, tələbələrin yaradıcı insanlarla görüşü onların xatirəsində əbədi qalır. Özünəməxsusluğu ilə seçilən Asim Yadigar yaradıcılığını təhlil edən məruzəçi deyib ki, müəllifin "Qoy yormasın yollar səni”, "Görüşünə gələcəyəm”, "Nə bilmək olar”, "Nənəmin arzusu” və digər şeirlərində Cənub nisgili, Təbriz həsrəti özünü açıq-aydın şəkildə göstərir. Tədbirdə müəllifin uşaqlar üçün yazdığı yüzə yaxın şeiri, ona yaxın poeması və dram əsərləri haqqında da iştirakçılara məlumat verilib. "Torağayın qisası”, "Midiyanın süqutu”, "Qorxulu oyun”, "Şir və çaqqal”, "Buynuzlu ana maral” və s. kimi dram əsərlərinin mövzu və ideya, bədi-estetik xüsusiyyətlərindən söz açılıb.

  Görüşdə növbəti olaraq kürsüyə dəvət olunan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı, şair, dramaturq, publisist Asim Yadigar tədbirin təşkili üçün universitet rəhbərliyinə minnətdarlıq edib. Əsərlərinin yazılma tarixindən, unudulmaz xatirələrindən danışan yazar qeyd edib ki, 6 pyes, 18 roman, 600-ə yaxın şeir, xeyli sayda kitab müəllifi kimi gənclərin əhatəsində olmaq həmişə xoş təəssürat yaradır. Asim Yadigar ən sevilən şeirlərindən bir neçəsini səsləndirdikdən sonra tələbələrin suallarını cavablandırıb. Müəllif daha sonra kitablarından bəzilərini iştirakçılara hədiyyə edib.

  Maraqlı anlarla yadda qalan tədbirin sonunda universitet adından Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı, şair, dramaturq, publisist Asim Yadigara hədiyyə təqdim olunub.