Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Aşıq Ələsgər - 200” adlı elmi-bədii konfrans keçirilib

Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə xüsusi diqqətlə yanaşan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır- deyən rektor qeyd edib ki, sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdır.

Rektor həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2021-ci il tarixində “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını xatırladaraq bildirib ki, ustad sənətkarın yaradıcılığına həsr olunan növbəti konfrans həm sərəncamdan irəli gələn vəzifələrin icrası, həm də gənc nəsilin milli ruhda tərbiyəsi sahəsində universitet tərəfindən atılan daha bir addımdır.

Ardından çıxış üçün söz professor Sədaqət Həsənovaya verilib. Məruzəçi “Aşıq Ələsgərin dil- üslub xüsusiyyətləri” mövzusundakı çıxışında qeyd edib ki, dil ən vacib və qiymətli materiyadır. Aşıq Ələsgərin yaradıcılığında isə bu vacib ünsürdən məharətlə istifadə olunmuş, dil- üslub xüsusiyyətləri qorunub saxlanılmışdır. Qədim tarixə malik olan doğma dilimiz ustad sənətkarın yaradıcılığında daha da zənginləşmiş, yeni ifadə tərzi qazanmışdır.

“Aşıq Ələsgər və yazılı ədəbiyyatda folklor ənənələri” mövzusunda çıxış edən dosent Əli Həşimli isə bildirib ki, ədəbiyyatımızda folklor ənənələrini yaşadan ən əhəmiyyətli şəxsiyyətlərdən biri Aşıq Ələsgərdir. Aşıq Ələsgərin bənzətmələri, müqayisələri sərrastlığı və orijinallığı ilə insanı dərhal cəlb edir. Zəngin bədii irsi isə bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarətdir. Şeirlərində başlıca yeri məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği, ictimai eyiblərin tənqidi tutan ustad aşığın yaradıcılığında xalq deyim tərzi, folklorumuzun zəngin nümunələrini görmək mümkündür.

Konfransda növbəti olaraq çıxış edən dosent Qənirə Əsgərova “Aşıq Ələsgər yaradıcılığında frazeoloji birləşmələrin rolu”ndan danışıb. Ustad aşığın bəzi əsərlərini təhlil edən məruzəçi, bu yaradıcılıqda yer alan ən maraqlı birləşmələri iştirakçıların diqqətinə çatdırıb.

Sonra “Söz sərrafı Aşıq Ələsgərin leksikası” mövzusunda dosent Arifə Zeynalovanın çıxışı dinlənilib.

Konfransın bədii hissəsində isə aşığın yaraıcılığında ən sevilən nümunələr səsləndirilib.