Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilib

  Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan bəhs edib. Bildirib ki, zəngin maarifçilik ənənələrinin təsiri ilə yaranmış qəzetin ilk nömrəsinin nəşr olunmasından 100 il ötür.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə 1 iyun 2021-ci il tarixli Sərəncamını xatırladan rektor deyib ki, 1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində Ümummilli lider Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə  həsr olunmuş yazılar  işıq üzü görmüş,  50 illik yubileyi  qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur.

  Rektor qeyd edib ki, 100 illik tarixə sahib olan qəzet bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir.

  Tədbirdə növbəti olaraq çıxış edən “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan, “Naxçıvan” Universiteti əməkdaşlarının da ziyalı kimi qəzetdə müxəlif yazılarının dərc olunmasından danışıb. Bildirilib ki, qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir.

  Məruzəçi qeyd edib ki, Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində sovetlər birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüşdür. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.

  2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmasının “Şərq qapısı” qəzetinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsinə əhəmiyyətli təsirindən danışan baş redaktor vurğulayıb ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Qeyd olunub ki, 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.

  Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Rövşən Hüseynov qeyd edib ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında yüksək səviyyəli, müasir tələblərə cavab verə biləcək qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır.

  Tədbirdə “Şərq qapısı” qəzeti məsul katibinin müavini Məhəbbət Mirzəyeva, “Naxçıvan” Universitetinin əməkdaşları - elmi katib, dosent Əli Həşimli, dosent Nüşabə Məmmədova, dosent Əli Cabbarov çıxış edərək “Şərq qapısı” qəzetinin Naxçıvanın ictimai-siyasi, mədəni, sosial həyatında, milli mətbuatımızın inkişafında və jurnalist kadrların hazırlanmasındakı rolundan bəhs ediblər.

   Sonda qəzetdə məqalələrlə mütəmadi çıxış edən universitet əməkdaşlarına “Şərq qapısı” qəzeti adından mükafatlar, “Naxçıvan” Universiteti rəhbərliyi tərəfindən isə qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.